Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Prezident xalqın inamından güc alır”

Baxılıb: 186     Tarix: 11-04-2022 12:28   

11 aprel 2018-ci ildə Azərbaycan xalqı növbəti dəfə müdriklik göstərərək inamlı, güclü, sabit, inkişaf edən gələcəyə səs verdi. Ölkəmizdə Prezident İlham Əliyevin hakimiyətinin yeni dönəmi başladı. Tarixin sonrakı gedişatı Azərbaycan xalqının seçiminin nə dərəcədə doğru olduğunu göstərdi.
Şərti olaraq Prezident İlham Əliyevin 2018-ci ildə növbəti dəfə seçildikdən sonrakı müddət üçün fəaliyyətindən bəhs edərkən yerli, qlobal, Qarabağ məsələsi olmaqla 3 istiqamət üzrə bölə bilərik.
Yerli məsələlərə idarəçilik sisteminin təkmilləşdirilməsi və daha çevik sistemin qurulmasına xidmət edən islahatlar prosesi, sosial müdafiə məsələləri, koronavirusla mübarizə və insanların rifahı üçün görülən çoxsaylı işləri aid edə bilərik. Bütün sahələrdə olduğu kimi gənclər və idman sahəsində də ciddi uğurlar əldə olunmuş, gənclərin inkişafı və idmançılarımızın beynəlxalq tribunalarda bayrağımızı qaldırması üçün lazımi şərait yaradılmışdır.
Qlobal məsələlərə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və bunun Hərəkatın üzvləri tərəfindən yüksək qiymətləndirilməsini, BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün reallaşdırılmasını, Azərbaycan Prezidentinin təşəbbüsü ilə COVID-19 peyvəndləri ilə bağlı qətnamənin BMT-yə üzv dövlətlər tərəfindən qəbul edilməsini, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan dövlətinə koronavirusla mübarizə sahəsindəki fəaliyyətinə görə təşəkkür elan etməsini, dünyanın müxtəlif ölkələri ilə səmərəli əməkdaşlığın qurulmasını və çox sayda digər işləri aid edə bilərik.
Müzəffər Ali Baş Komandanın Qarabağ məsələsi ilə bağlı fəaliyyətini dövrünə görə üç yerə bölə bilərik: müharibəyə qədər, müharibə və postmüharibə dövrü.
Müharibəyə qədər olan dövrü Ordunun gücləndirilməsi istiqamətində görülən işlər, diplomatik münasibətlər  və hərtərəfli hazırlıq kimi amillərlə xarakterizə edə bilərik. Ölkə rəhbərimizin 2019-cu ilin oktyabrında “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistanın Baş nazirinin sərsəm iddiasına cavab olaraq söylədiyi tarixi ifadəsi - “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri işğal altında olan ərazilərimizin azadlıq simvoluna çevrilmiş və  reallığa çevrilən qiymətli söz kimi tarixə düşmüşdür. Azərbaycan Prezidentinin Ermənistanın Baş nazirinə tarix və siyasət dərsi keçməsiylə yadda qalan Münhen Təhlükəsizlik Konfransının məlum panel müzakirəsi dünya mediasında geniş şəkildə işıqlandırılmışdır. Azərbaycan sülh təklifini qüvvədə saxlasa da işğal altında olan torpaqlarını müharibə yolu ilə azad etmək üçün düşünülmüş və əhəmiyyətli işlər görməkdə idi.
Müharibə dövrü üzrə Ali Baş Komandanın qətiyyətli mövqeyi, təzyiqlərə qarşı müqavimət, o cümlədən, ölkəmizin əleyhinə haqsız yerə qəbul ediləcək sənədlərin qarşısının alınması, görünən və görünməyən bir çox məsələləri qeyd etmək olar.
Postmüharibə dövrünə Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi, Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə, Qarabağda infrastruktur və yenidənqurma işlərinin yüksək sürətlə həyata keçirilməsi, böyük qayıdış prosesinin başlanması kimi hadisələri aid edə bilərik. Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün 4 saatdan çox davam edən mətbuat konfransı dünyanın diqqətini cəlb etmişdi. Moskva və Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 11 yanvar və 26 noyabr tarixli üçtərəfli görüşlər keçirilərkən Azərbaycanın maraqları təmin olunmuşdur. Cari ilin aprel ayının 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsində Azərbaycanın maraqlarına uyğun olaraq sülh müqaviləsinin hazırlanması üzrə Ermənistan və Azərbaycan arasında işçi qrupunun yaradılması, həmçinin sərhədlərin delimitasiyası üzrə kommissiyanın təsis edilməsi barədə qərarlar qəbul edilmişdir.
Azərbaycan xalqı Prezidentinə güvənir və onun yanındadır. Prezident xalqın inamından güc alır. O, dövlət başçısına xas olan bütün müsbət əlamətləri özündə birləşdirib. Xalqını sevir, xalqın etimadını, dəstəyini qazanır və ən əsası mahir siyasətçidir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bundan sonra daha böyük uğurlar qazanacaq.
Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini,
YAP İdarə Heyətinin üzvü
Şahin İsmayılov

Qanunvehedef.azшаблоны для dle 11.2