“Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik”
Baxılıb: 317 Tarix: 22-04-2022 12:39
“Bura gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Ulu öndər Heydər Əliyev həmin qurultayda dərin məzmunlu çıxışında Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmiş və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altındakı torpaqlar azad olunacaq və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaq”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib: “Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bu, bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.
***
Daha sonra İlham Əliyev deyib:
“Qarabağ münaqişəsinin həll edilməsi mənim üçün Prezident kimi başlıca vəzifə idi. Prezident seçildiyim ilk gündən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi mənim üçün başlıca vəzifədir.
Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu müqəddəs günü yaxınlaşdırmalıyıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi”.
***
İlham Əliyev çıxışının davamında deyib:
“Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq dayanırdı. Biz buna öz gücümüzlə nail olduq.
Məhz buna görə ordu quruculuğu sürətlə aparılıb, Azərbaycan müasir ordu yaradıb, məhz buna görə gənc nəsil vətənpərvərlik və düşmənə nifrət ruhunda tərbiyə olunurdu.
Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi”.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər