Azərbaycan AŞ Konqresinin Monitorinq Komitəsinin iclasında təmsil olunub
Baxılıb: 457 Tarix: 01-07-2022 10:58
İyunun 30-da İstanbulda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq komitəsinin iclası keçirilib.
Qanunvehedef.az xəbər verir ki, iclasda ölkəmizi Konqresdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Anar İbrahimov və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev təmsil ediblər.
Türkiyə tərəfinin dəvəti ilə İstanbulda keçirilər Avropa Şurası Konqresinin Monitorinq Komitəsinin iclasının açılışında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Konqresin Baş katibi Andreas Kiferin çıxışları olub.
Sonra komitənin iclasında Çex Respublikası, Belçika, Moldova, Danimarka və İsveçdə Avropa Şurası Konqresinin yerli və regional demokratiyanın vəziyyətinə dair monitorinqin nəticələri müzakirə edilərək, hazırlanmış hesabatlar, tövsiyə və qətnamə layihələri Avro Şurası Konqresinin növbəti sessiyasının gündəliyinə salınmasına dair müvafiq qərarlar qəbul edilib.
İclasda, həmçinin Albaniya, Niderland və Serbiyada keçirilmiş yerli və regional səviyyədəki seçkilərdəki müşahidə missiyalarının hazırladıqları hesabatlar müzakirə edilib, eləcədə qarşıdakı seçki müşahidə missiyalarının təqvimi təsdiq olunub. Komitənin iclasında “Yerli və regional hakimiyyət orqanları üçün İnsan Hüquqları Təlimatı III cild: ətraf mühit və dayanıqlı inkişaf”, eləcə də “Ətraf mühitə dair fundamental hüquqlar: yerli və regional hakimiyyət orqanlarının rolu” adlı sənədlər müzakirə edilib.
İclasda məsləhətləşmə və məlumatlandırma ilə bağlı siyasi müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov çıxış edib, ölkəmizdə məsləhətləşmə praktikasının ayrı-ayrı aspektləri barədə danışıb. İclasda, həmçinin Ukraynadakı cari vəziyyətin oradakı yerli və regional orqanlara təsiri müzakirə edilib və komitənin 2022-2023-cü illərə dair iş planı təsdiq olunub.
Ən çox oxunanlar
Son xəbərlər