Deputat: "Dövlət qulluqçusu ilə bağlı bəzi problemlər həll edilməlidir"
Baxılıb: 731 Tarix: 06-11-2020 12:52
"Azərbaycanda dövlət qulluqçularının statusunun artırılması vacibdir".
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
O bildirib ki, dövlət qulluqçusu ilə bağlı bəzi problemlər həll edilməlidir: "Hər hansı yerin rəhbərliyi dəyişəndə uzun illər çalışmış dövlət qulluqçularının sıradan çıxarılmasına imkan verilməsin. Təəssüf ki, bizdə bu ənənə hüquqi cəhətdən nə qədər möhkəmlənsə də, praktikada zəifdir. Məsələn, bir nazir təyin olunursa, öz komandasını ora gətirməsi ilə orada işləyən dövlət qulluqçusu işini itirir. Qanun layihəsində qiymətləndirməni rəhbərin həyata keçirəcəyi qeyd edilir. Daha sonra müsahibənin həyata keçiriləcəyi deyilir. Rəhbər şəxsin də burada məhdudlaşdırıcı yanaşmasını təmin etməliyik. Bəs müsahibəni kim keçirəcək? Yenə də subyektiv iradə dövlət qulluqçusunun taleyini həll edəcək. Bu məsələyə aydınlıq gətirilməli, obyektiv yanaşma təmin edilməlidir. Qanun layihəsində abstrakt tələblər də var. Məsələn, ünsiyyət bacarığı, təcrübəni bölüşmə və s. Bəlkə yaxşı dövlət qulluqçusudur, amma ünsiyyət bacarığı yoxdur. Biz qanunu kiminsə xasiyyətini dəyişməsi üçün qəbul etməməliyik".
Ən çox oxunanlar
Son xəbərlər