Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

3 şəhid verən ailənin evi hələ də hazır deyil - Gəncə terrorundan 2 il keçsə də...

Baxılıb: 610     Tarix: 18-05-2022 11:10   

“Vətən müharibəsi dövründə ermənilər tərəfindən Gəncə şəhərinin bombalanması zamanı qayınanamın evi dağıldı. Ailəmizin üç üzvü - qaynım, onun həyat yoldaşı və uşağı şəhid oldu. İki ilə yaxındır ki, kirayədə yaşayırıq. Nə kirayə ödənişi ala bilirik, nə də ev tikilir ki, yaşayaq”. 
Bu şikayətlə “Qafqazinfo”ya Gəncə şəhər sakini Nərminə Şahnəzərova müraciət edib.
Onun sözlərinə görə, Muxtar Hacıyev küçəsi, döngə: 2, ev: 24 ünvanında yaşayan zərərçəkmiş şəxs onun qayınanası, 64 yaşlı Təzəgül Şahnəzərovadır. Həmin ev 2020-ci il oktyabrın 17-də bombalanıb: “Gecə saatlarında düşən bomba evi yerlə-yeksan edib. Ailəmizin üç üzvü də şəhid olub. O ərazidə tək qayınanamın yox, neçə nəfərin evi bu vəziyyətə düşüb. Hadisədən sonra evin tikintisinə başlanıldı. Sadəcə divarları tikildi və damı vuruldu. Qalan heç bir iş aparılmayıb, yarımçıq qalıb. Qayınanam da yaşlı qadındır, kirayələrdə qalır”.
Fotoda: Şəhid olan ailə Röyal Şahnəzərov, Züleyxa Şahnəzərova və 1 yaşlı qızları Mədinə...


Şikayətçi iddia edir ki, bu müddət ərzində onlara kirayə pulu belə verilməyib: “Qayınanam indi bizimlə birlikdə kirayədə yaşayır. Kirayə pulu da vermirlər. Dəfələrlə İcra Hakimiyyətinə müraciət etmişik. Bizə deyirlər ki, “məsələ bizlik deyil”. Kirayə pulu verməmələrinə də səbəb kimi onu göstərirlər ki, hadisədən sonra evi dağılan şəxslər yataqxanadan açar götürüb orada yaşayıb, amma mənim qayınanam orada qalmayıb. Onu da mən özüm qoymadım. Ona görə ki, xəstə adamdır, yataqxanada qalmaq ona çətin olacaqdı. Bundan başqa da üç şəhid verib axı... Necə gedib yataqxanada ölüsünü götürərdi?! Gəldi, bizimlə yaşadı”


Gəncə şəhər sakini Rüfət Əsgərov da saytımıza bənzər şikayətlə müraciət edib. Əli Nəzmi küçəsi, ev: 4 ünvanında yaşayan zərərçəkmiş bildirir ki, şəhərin bombalanması zamanı evi yararsız hala düşüb. O da nə kirayə ödənişi ala bilir, nə də evi təmir olunur: “Bomba yaşadığımız evdən təxminən 200 metr aralıya düşüb. Evimiz tamamilə yararsız hala düşdüyündən məcburən kirayəyə köçdük. O vaxtdan bizə kirayə haqqı ödənməyib. Təmir-bərpa işləri isə çox ləng gedir. Təkcə evin dam örtüyü vurulmuşdu, onu da 6 gün öncə gəlib söküb aparıblar ki, düzgün vurulmayıb. Ev yaşanmalı halda deyil. İçində bəzi əşyalarımız var idi ki, yığıb bir otağa qoymuşduq. Dam söküləndən sonra yağış suları onların üstünə tökülüb”.


Şikayətçinin sözlərinə görə, Ermənistanın təcavüzü nəticəsində ziyan dəymiş evlərinə görə 1000 manat məbləğində ödəniş olunub ki, onu da elə həmin mənzilin pəncərəsinə xərcləyib.
Hər iki vətəndaşın problemi ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanladıq. Komitənin mətbuat katibi Ramiz İdrisoğlu “Qafqazinfo”nun sorğusunu belə cavablandırıb: “Gəncə şəhərindən vətəndaş Təzəgül Şahnəzərovanın evinə baxış zamanı qəzalı olması barədə tərtib edilmiş texniki akta əsasən, onun əvəzinə yeni yaşayış evi inşa edilib. Tikinti işləri sakinin tələblərinə uyğun olaraq hazırlanmış layihə əsasında həyata keçirilib. Ev hazırdır, tamamlanma işləri aparılacaq.
Digər vətəndaş Rüfət Əsgərova məxsus fərdi ev isə təmir ediləcək yaşayış obyektlərinin siyahısındadır. İşlərin bir qismi görülüb. Yaxın zamanda təmir yekunlaşdırılacaq”.

Lamiyə Məmmədova 

Qanunvehedef.azшаблоны для dle 11.2