BŞTİ-dən rayona gedən məktəblilərlə bağlı çağırış
Baxılıb: 462 Tarix: 13-06-2022 09:49
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) iyunun 12-də Şamaxı-Bakı yolunda məktəbliləri və müəllimləri daşıyan avtobusun qəzaya düşməsi ilə bağlı açıqlama yayıb.
“Qafqazinfo” xəbər verir ki, açıqlamada deyilir:
“Məlum olduğu kimi, Qəbələdən Bakıya hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib və onlar Şamaxı, Qobustan və Bakıdakı müxtəlif tibb müəssisələrinə yerləşdiriliblər.
Səhər saatlarına olan məlumata görə, Şamaxı və Qobustandakı xəstəxanalardan 1 nəfər ağır və 2 nəfər orta-ağır xəsarət alanlar paytaxtdakı müxtəlif tibb müəssisələrinə köçürülüb. İnsan tələfatının olmadığı bildirilir.
Yüngül xəsarət alanlar müvafiq tibbi yardım və müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır.
Qeyd edək ki, qəzaya uğrayan avtobusun sərnişinləri, ümumilikdə 36 şagird (32 nəfər IV sinif və onların ailə üzvləri olan 4 nəfər digər sinif şagirdi), 4-cü sinfin rəhbəri olan müəllim və 19 nəfər valideyndən ibarət olub.
Məktəb rəhbərliyinin verdiyi məlumata əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi bir daha valideynlərə çağırış edir ki, dərsdənkənar vaxtlarda və tətil müddətində bu kimi səfərlərə təşəbbüs göstərərkən müvafiq normalara cavab verən qurumlarla qanunauyğun şəkildə tərəfdaşlıq etmələri zəruridir”.
Ən çox oxunanlar
Son xəbərlər