Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

AZƏRBAYCANDA HEYVAN ƏTİ UCUZLAŞA BİLƏR – Nazirlər Kabineti qərar verib

Baxılıb: 456     Tarix: 22-06-2022 10:45   

Nazirlər Kabinetinin yeni Qərarı və nəzərdə tutulan başqa dəyişikliklər heyvan ətinin maya dəyərinin azalmasına səbəb olacaq

Nazirlər Kabineti “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda dəyişikliklər edib. Yeni dəyişikliklərə görə bundan sonra:

- Baytarlıq pasportunun alınması tələb olunmayacaq;

- Hər heyvan üçün 20 manat dövlət rüsumu tutulmayacaq;

- “Dövlət rüsumu haqqında” və “Baytarlıq haqqında” Qanunlarda nəzərdə tutulan başqa dəyişikliklər isə xərclərin daha 5 manat azalda bilər;

- Dəyişikliklər heyvan ətinin maya dəyərini azaldacaq: 10 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə maya dəyəri 2 manat 50 qəpik aşağı düşəcək. 15 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə isə maya dəyəri təqribən 1 manat 66 qəpik azalacaq və s.

Azərbaycan Respublikasının Baş Nazirinin 21 iyun tarixli Qərarı ilə Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarına dəyişiklik edilmişdir. Qərarda heyvanların identikləşdirilməsi fəaliyyəti sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi ilə yanaşı vahid sənədləşmənin tətbiq edilməsi, heyvan sahiblərinin identikləşdirilmə üçün bir heyvan üçün tələb olunan xərclərinin azaldılması təmin edilmişdir. Belə ki, dəyişikliyə əsasən identikləşdirilmənin nəticəsi olaraq yalnız şəhadətnamə veriləcək və baytarlıq pasportunun alınması tələb olunmayacaq.


Əvvəlki qaydalara əsasən hər heyvan və ya heyvan qrupu identikləşdirilməli və identikləşdirilmə nəticəsində heyvan sahibinə “baytarlıq pasportu” və “identikləşdirilmə haqqında şəhadətnamə” verilməli idi. Baytarlıq pasportunun alınmasına görə isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda 20 manat dövlət rüsumu nəzərdə tutulmuşdur.

Dəyişiklik nəticəsində hər bir heyvana görə baytarlıq pasportunun alınması zərurəti aradan qalxacaq və nəticə olaraq bununla bağlı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq. Bu isə öz növbəsində heyvan ətinə çəkilən xərcin azalmasına səbəb olacaqdır.

Hazırda iribuynuzlu heyvanların, atların, dəvələrin ən geci doğulduqdan sonra 4 ay müddətində, donuzlar, qoyun və keçilərin 2 ay müddətində, damazlıq quşların isə 5 aylıq yaşda olduqda nişanlanması aparılmalıdır. Təklif olunan dəyişikliyə əsasən bütün kənd təsərrüfatı heyvanlarının doğulduqdan sonra 1 ay müddətində identikləşdiriləcəkdir.

Atların və dəvələrin identikləşdirilməsi üçün birkalama qulağın daxili səthinə tatuirovka, damazlıq quşların birkalaması isə ayaqlarına halqa vurulmaqla həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dəyişiklik layihəsi ilə atların və dəvələrin birkalanması dərialtına mikroçip yerləşdirilməklə, qrup halında quşların birkalanması isə onların saxlanc yerlərinə birka vurulmaqla həyata keçiriləcək.
Məlumat üçün qeyd edək ki, baytarlıq pasportu yalnız heyvan sahibinin istəyinə əsasən ev heyvanlarının xarici ölkəyə aparılması zamanı veriləcəkdir.

Bundan əlavə, əldə etdiyimiz məlumata əsasən Hökumət “Dövlət rüsumu haqqında” və “Baytarlıq haqqında” Qanunlarda dəyişiklik edilməsi təklifi ilə çıxış edib. Layihənin qəbul edildikdən sonra bir heyvan üçün çəkilən rüsum xərci 5 manat da azalacaq. Baytarlıq pasportunun ləğvi və nəzərdə tutulan dəyişikliklərdən sonra bir heyvan üçün maliyyə yükü 25 manat azalacaq ki, bu da heyvan ətinin qiymətinin aşağı düşməsinə səbəb olacaqdır.

Məsələn, 10 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə maya dəyəri 2 manat 50 qəpik aşağı düşür. 15 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə isə maya dəyəri təqribən 1 manat 66 qəpik azalır.
Bu qərar və dəyişikliklər antiinflyasiya tədbiri kimi ən azı heyvan əti satışında qiymətlərin sabit qalmasına təsir edə bilər.

Qanunvehedef.azшаблоны для dle 11.2