Cəbhədə kim vuruşur? – Paradoks və Sübut!
Baxılıb: 908 Tarix: 14-04-2020 15:48
Cəmiyyət və dövlət olaraq ağır sınaqdan keçirik. Yaxın və uzaq tarixdə yaşamadığımız yeni və çətin situasiyadır. Hətta “pandemiya” sözü belə tanış, tez-tez işlənən kəlmə deyil.
Uyğunlaşmaq, alışmaq çox çətindir.
Düşdüyümüz bu qeyri-müəyyən vəziyyəti müharibə adlandıra bilərik. Daha doğrusu, müharibədir ki var!
Bu müharibəni kim aparır?
Bütün dünya sanki bu virusa qarşı həkimlərin savaşdığını bildirir. Məncə, müharibənin ön cəbhəsində dövlətlərin üst qurumu dayanır: bu savaş həddən artıq bahalıdır, böyük xərc, çevik siyasət, xalqı qorumaq üçün gecə-gündüz yatmamaq, hər an dəyişən situasiyanı təhlil etmək, prosesi nəzarətdə saxlamaq… tələb edir.
Bu savaşda sanki “xalqı xalqın özündən” qorumaq missiyası da var – ön cəbhədən biri də budur. Bu cəbhədə də rəsmilər və ən əsası, polislər savaşır. Və çox qəribə, paradoksal bir vəziyyət yaranıb: hər müharibədə öndə savaşanlar qəhrəman sayılır, ancaq bu savaşda səngərə girən polis bəzən ən ağır sözlərlə tənqid edilir. Çünki polis bir insanı qorumaq üçün onu cərimələyir, həyatının təhlükədən xilas olması üçün bəzən onun özünü həbs edir, “karantin”də bir otelə yığılanların çölə çıxıb, virusla milləti qırmaması üçün yatmır, oturmur, dayanmır…
Bu müharibədə ağır yara alanların yükü həkimlərin üstündədir - əlbəttə. Həkimlər hər müharibədə olduğu kimi, indi də gücləri çatdıqca həyat xilas edirlər. Məsələn, min yaralı varsa, onların həyatı uğrunda savaşırlar. Buna görə qayğı da görürlər, maaşları da beşqat olur, alqışlanırlar da – haqq etdikləridir, Allah bu savaşda gecə-gündüz yatmayıb həyat qurtaran tibb işçilərimizi qorusun.
Ancaq milyonları “yaralanmaqdan” xilas edən dövlət strukturları, bu savaşda hardan gəldiyi bilinməyən “güllədən” yüzminləri qoruyan polisin nə maaşı artıb, nə alqış qazanıb - əksinə, hətta sosial şəbəkələrdə ən çox “döyülən” onlar.
Deyəsən, müharibənin miqyasını da, qəhrəmanlarını da düzgün qiymətləndirə bilmirik…
“Arxa cəbhə”də də savaşanlar az deyil: sakinlərə “güllələrdən” qorunmaq üçün vasitələr göndərən iş adamları, deputatlar, sadə insanlar, idmançılar, marketlərdə “ehtiyacı olanlar götürsün” elanı yazanlar, o açıq rəflərə 2 kq qənd, 3 kq un, 5 çörək alaraq qoyan “naməlum qəhrəmanlar”, Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir manat olsa belə, köçürənlər və bununla yanan məscidə dimdiyində su gətirib tökməklə olaya və Allaha münasibətini ortaya qoyan “qaranquşlar”…
Bu savaşın “naməlum əsgərləri” də çoxdur və hər dəfə bu aksiyaları görəndə gözümün önünə Sovetlərin “Naməlum əsgər” heykəlləri gəlir. Bəlkə də nə vaxtsa biz də koronavirusla savaşda özünü göstərməyən bu əsgərlərə beləcə “naməlum qəhrəman” heykəli qoyacağıq…
Maraqlı dövrdən keçirik: ekstremal situasiyada üzə çıxan mərdlik, humanistlik, sinəsini bunkerdəki pulemyot gülləsi önünə düşünmədən verən qəhrəmanlar görürük.
Bu günlər zaman çalxalanır, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur. “Ayranlıqları” görürük – uzun illərdir arabanın beşinci təkərinə çevrilən “5-ci kolon”çuları, yanan məscidə dimdiyində çöp atmaqla olaya və Allaha “münasibətini ortaya qoyan” bayquşları bir-bir göstərməyə ehtiyac yoxdur. Amma yəqin bilirsiniz: nehrələr çox çalxananda “ağ ayranlar” çıxır, onu isə itə də atmırlar, sadəcə, dərəyə boşaldırlar. İndisə zaman nehrəsi çox çalınır və hər şey üzə çıxır…
Amma məni bu prosesdə duyğulandıran fərqli bir mənzərədir: hər millətin içində artıqlar, dərəyə atılası ayranlıqlar, bayquşlar, cinsi oriyentasiyasını dəyişənlər – yəni fiziki və psixi xəstələr var, onlar millətin içində olsa da, millətin, xalqın dəyərləndirilməsində qətiyyən nəzərə alınmırlar. Millətin dəyərləndirilməsində nəzərə alınan faktlar indi o qədərdir ki, bununla qürur duymamaq mümkün deyil. Dövlət rəhbərindən tutmuş Fonda bir manat keçirənimizə qədər, bir daha sübut etdik ki, biz xalq olaraq, dövlət olaraq, millət olaraq müharibəyə tam hazırıq: bu ölkənin başında ən çətin, ekstremal şəraitdə ən düzgün qərar verməyi bacaran lider, öz həyatını təhlükəyə atıb ön cəbhədə savaşmağa hazır olan minlərlə Mübariz, Fərid, Ramin var.
Bu millət üçün cəbhəyə gedə bilməsə də, onu qorumaq istəyən minlərlə Cəbiş müəllim var!
Bu millət bir yumruq kimi birləşməyə hazır olduğunu göstərdi!
Biz tam hazırıq – Qarabağ üçün savaşmağa da, o qələbəni qazanmağa da!
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər