Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Tacsız virus” – Əli Kərimlinin siyasi portreti

Baxılıb: 971     Tarix: 15-04-2020 19:18   

Əbülfəz Elçibəyin nəşinin Azərbaycana gətirilmə səhnəsini yəqin çoxları xatırlayır. ANS verirdi reportajı, səhv etmirəmsə. Hava limanından. Gözləmə otağından.

….Kütlə içində hər zaman olduğu kimi yenə ön plana çıxmağı bacaran oğlanın – Əli Kərimlinin divara qısılıb dayanması, kövrək və köməksiz baxışlarla baxması, sanki ən əziz adamını itiribmiş kimi davranması da çox güman diqqətli oxucuların yadındadır.

O ağlayırdı…

Elçibəy haqda diskin tapılmayan vaxtında iftira dolu disklər yazdıran, həmin diskləri çoxaldan, tirajlayan + onları (indi insan hüquq və azadlıqları barədə yekə-yekə danışan) Xədicə vasitəsilə yaydıran və beləcə…bir tək lideri deyil, həm də müəllimi və mənəvi atası olmuş insana kürəyindən bıçaq saplayan adam başqasının deyil, elə məhz həmin Elçibəyin ölümünə ağlayırdı…

***

Əli Kərimlini ilk dəfə yaxından isə 2003-cü il, Prezident seçkiləri ərəfəsində, AzTV-nin studiyasında görmüşəm. 30 nəfər mühafizəçi ilə bərabər. Ağır-ağır, özünə vurğun şəkildə gəldi. Kimsəyə Allahın salamını da vermədi və sonra yön aldı 2000-də baş verən məlum proseslərdən sonra qılıncının altından keçməyə məcbur qaldığı Etibar Məmmədovun yanına. Nəsə söhbətləşdilər. Sonra efirə girdi. Xalqdan səs istədi. 10 gün sonra da kəbin kağızına bənzər anlaşmaya əsasən özu öz əli ilə öz səsini başqasına verdi.

***

Əli Kərimli müxalifətin Kopperfildidir. O siyasətçi olmasa da mükəmməl gözbağlayıcıdır. Yaxından tanıyanlar deyir, adamın gipnoz qabiliyyəti o qədər güclü ki, 10 dəqiqəlik çıxışdan sonra bütün ətrafındakıları müvəqqəti də olsa nazir, komitə sədri, deputat eləməyi bacarır. Və…bu faydasız, uğursuz eyforiya kiminsə telefonuna: “Evə qayıdanda 2 çörək, 10 yumurta, 4 dəstə keşniş, 3 kiloqram kartof al” – mesajı gələnə qədər davam edir. Beləcə bütün ilğımlar itir. İlmələr sökülür. Nazir “hava”sı alınır. Qızıl balığın nağılı bitir. Qayıdılır, AXCP adlı “bermud üçbucağının” həndəvərinə.

Əli Kərimlinin siyasətdəki səsi və ahəngi bizim vaxtımızda uşaqların qamışdan düzəltdiyi tütəyin avazına bənzəyir. Cır. Kövrək. Əldəqayırma.

Əli Kərimli 27 yaşın nostalgiyasından bir türlü çıxa bilmir. O 21-ci əsri görməyib, həmin əsrə adlamayıb. O eynən Şumaxer kimi komastoz, “bitkisəl” həyat yaşayır. O, Braziliyadan sonra dünya çempionu tanımır. O, sədərək ticarət mərkəzinə hələ də “aeroport” deyir. O, latınca yazsa da KİRilcə düşünür. O, keçmiş məhəllə oyunlarından yalnız “ORTADA QALDI”nı yaxşı mənimsəyib, əxz edib…

Əli Kərimli öz müavinlərinin və tərəfdaşlarının gözündə günəşi çeçələ barmağı ilə sağa-sola fırlamağı, çatma qaşları ilə küləyin sürətini tənzimləməyi, divarda düz gəzməyi, tük yandırıb cin çağırmağı bacaran personajdır, hətta “Mister Fix”dir, “Hörümçək adam”dır. Əslində və reallıqda isə Tıq-tıq xanımın şəninə qısa qol köynəklə tar çalan siçan bəydən ötəsi deyil…

Əli Kərimlidə komanda ruhu yoxdur. O bir ələ oynamağı bacarmır. O, yoldaşı boş və yüz faizlik qol vəziyyətində ikən yenə ötürmə etmir, qapıya doğru həmişə qısqanc hücumçulartək özü tək gedir.

Onun eqosu məğlubiyyətini şərtləndirən əsas amildir. Onun təkəbbürü qartmaq bağlayıb. Hisslərinin üzərində. Bu səbəbdən görmür, duymur, eşitmir. Nə zərurəti, nə ədaləti, nə də ona təmənnasız xidmət edən əqidə dostlarını. Zatən görsəydi İbrahim Vəliyev, Fuad Mustafayev kimi sadiq insanlar ondan uzaq və küskün düşməzdi. Üstəlik, bu gün Seymurların, restoran kabinetlərində ad çıxaran və “homo sapiens” tipinə fotoşopdan sonra da yaxın dura bilməyən Qənimətlərin, xəyanətin əsasnaməsini yazan “Gülçatay”ların, qrant meşələrindən canlı reportajlar verən “Seva”ların ümidinə qalmazdı.

Əli Kərimli, öz oyununa alət etdiyi, xüsusi təlimatla Gürcüstana göndərdiyi Ruslan Bəşirlinin 6 il, 7 aylıq həbsini təriflə, azadlığını isə təhqirlə qarşılayan bir “lider”dir. Nə var-nə var, əfv ərizəsi yazıb deyə. Artıq AXCP üzvü deyil deyə. Bundan belə onun əmrlərinə tabe olmayacaq deyə. Əli Kərimlinin “sağ ol”u, təşəkkürü, minnətdarlığı bax budur. Onun dost və tərəfdaşı qorumaq üsulu belədir. Oysa, siyasət adamdan bəzən…həm də vəfa borcuna, Tanrı qorxusuna sığınmağı istər. Vicdanlı olmağı deyil, sadəcə vicdansız olmamağı istər. Əl tutulacaq yerdə sadəcə ayaq basdalamamağı istər.

Əli Kərimli bütün mövcud problemlərə nərdivan gözü ilə baxır. Üzərinə çıxıb boylanmaq və yekə görünmək üçün. Həmin problemlərin fonunda öz populizminə yeni nəfəs vermək üçün. Ona görə yırtıcı siyasətə bu qədər meyllidir. Ona görə qan çıxmayan yerdən filiz çıxarmağı bacarır. Ona görə qanun pozanlar, həbs edilənlər, lələkli radikallar başının tacıdır. Ona görə Sevinc bacısı ilə bərabər baş-başa imkanı olmasa da göz-gözə qucaqlaşıb ağlamağı nəyəsə sevinməkdən, dövlət və millət adına xoş bir məqama nəzər yetirməkdən daha lazımlı və önəmli sanır. Ona görə koronavirusdan sağalanlar umurunda belə deyil, amma ölənlər arzularının, xəyallarının giriş qapısındadır. Ona görə İlham Əliyevin Paşinyanı diz çökdürdüyü debata qarşı susqundur, amma həmin Paşinyanın Dağlıq Qarabağa etdiyi səfəri az qalır öz “facebook” səhifəsindən canlı yayımlasın.

Əli Kərimli virusdur. Sadəcə tacsız virus. Və şükür, epidemiya halına keçməyib. 30 ildir, seçkidən-seçkiyə ressidiv forma alır, sonra dayanır. O, insanları hava-damcı yolu ilə deyil, internet üzərindən yoluxdurur. Etiologiyası, mənşəyi tibb elminə hələ məlum deyil. Peyvəndi yoxdur. Müalicəsində əsasən göbələk əleyhinə dərmanlardan istifadə olunur. İlkin əlaməti qaşınmadır. Amma…əgər bədəndə radikalizmə, səviyyəsizliyə, nadanlığa qarşı antitel varsa, siyasi immunitet formalaşıbsa, o zaman qətiyyən qorxmağa və narahat olmağa dəyməz. Demək ki, siz bu bəladan bir ömür boyunca uzaq olacaqsınız…

***

Kərimli bir dəfə hansısa məclisdə deyibmiş ki, gün gələcək Azərbaycanın Mandelası kimi hansısa filmdə mənim obrazım canlanacaq. Qaraguruh da bu fikri ayaq üstə alqışlayıbmış.

Oysa, eşit bəy. Gör nə deyirəm. Səni ən yaşxı halda canlandırsalar – inan, o da ən yaxşı halda – Mandelanın bağındakı Mandarin obrazında canlandırarlar.

Vəssalam. Bundan artığına ümid eləmə.

Elşən Musayev, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı.шаблоны для dle 11.2