Bizim üçün hər bir insanın, hər bir vətəndaşın həyatı çox dəyərlidir
Baxılıb: 953 Tarix: 16-04-2020 12:13
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri, Səhiyyə Nazirliyinin yanında İctimai Şuranın sədr müavini Ziba Nəbiyeva ölkədə yaranmış vəziyyətlə bağlı əməkdaşımızın suallarını cavablandırmışdır
- Ziba xanım, Qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?
- Birmənalı olaraq deyə bilərəm ki, bu gün ölkəmizdə koronovirus infeksiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycan dövləti tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər zəruridir, düzgündür və ən əsası da kifayət qədər təsirlidir. Baxın, həqiqətən də hazırda ölkəmizdə pandemiyanın yayılması ilə bağlı vəziyyət bir çox digər ölkələrlə, o cümlədən səhiyyə sistemi bizdən daha yüksək səviyyədə olan ölkələrlə müqayisədə daha qənaətbəxşdir. İstər virusa yoluxanların sayına, istəsə də pandemiyanın qurbanlarının sayına görə bizdə göstəricilər elə də yüksək deyil. Bütün bunlar nəyin nəticəsidir? Əlbəttə ki, görülən tədbirlərin. Lakin bizim üçün hər bir insanın, hər bir vətəndaşın həyatı çox dəyərlidir. Yəni bu tədbirlər virusa qarşı dərman tapılana qədər elə ciddiliklə davam etməlidir ki, itkilərimiz minimuma ensin. Buna da yalnız bir yolla nail olmaq olar. Bu yol hər kəsin məsuliyyətli olmasını və karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməsini, o cümlədən “evdə qal” kampaniyasına qoşulmasını tələb edir.
Bunu da əlavə etmək istərdim ki, rəhbərlik etdiyim İctimai Birlik koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində mütəmadi olaraq keçirilən monitorinq və maarifləndirmə kampaniyalarında aktiv iştirak edir. O cümlədən mən özüm bu günlərdə paytaxtın Nərimanov və Yasamal rayonları ərazisində belə kampaniyalarda iştirak etmişəm və keçirdiyimiz monitorinqin nəticələri barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha hesabat göndərilib. Həmçinin biz sosial şəbəkələrdə olan səhifələrimizdə də mütəmadi olaraq hesabat və maarifləndirmə xarakterli məlumatlar yerləşdiririk.
- Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarının hər şeydən üstün və önəmli olduğunu bir daha bəyan edərək bütün siyasi partiyaları məhz bu maraqlar naminə qarşılıqlı əməkdaşlığa dəvət etdi. Əslində artıq ötən ildən ölkədə həyata keçirilən əsaslı islahatlar da bu əməkdaşlıq üçün əlverişli zəmin yaratmışdır. Çox sevindirici haldır əksər partiyalar bu çağırışa cavab verdilər. Əminəm ki, iqtidar-müxalifət dialoqu yalnız inkişafa xidmət edəcək. Elə Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyəti də bu məqsədlərə xidmət edir. Əminəm ki, bu fəaliyyət hakimiyyət və cəmiyyət arasında daha sağlam münasibətlərin formalaşmasına xidmət edəcək.
- Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunmasını necə qiymətləndirirsiniz? Qanunvericilik hakimiyyətinin gələcək fəaliyyətini necə görürsünüz?
- Milli Məclisin rəhbər heyətində müxtəlif siyasi partiyaların təmsil olması çoxpartiyalı Parlamentin formalaşdırıldığı deməkdir və bu hal əlbəttə ki, ölkəmizdə demokratiyanın ən bariz göstəricilərindən biridir. Həmçinin Milli Məclisin sədri vəzifəsinə ilk dəfə olaraq xanım spikerin seçilməsi də ölkəmizdə mövcud olan gender bərabərliyinin yüksək təzahürüdür. Sözsüz ki, bunlar çox müsbət bir haldır. Yeni parlamentimizdən isə bundan sonra daha mükəmməl, xalqımızın rifahının yüksəlməsinə, sağlamlığının qorunmasına, dövlətimizin daha da qüdrətlənməsinə vəsilə olacaq qanunlar gözləyirik. Qeyd edim ki, mən səhiyyə yönümlü İctimai Birlik rəhbəri olaraq, yeni formalaşmış Milli Məclisdən həmçinin məhz bu sahədə qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsini gözləyirəm.
- Aprel ayının 6-da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin yaradılmasının əhəmiyyətini, eləcə də dövlət başçımız tərəfindən növbəti humanist addım olaraq 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılmaları barədə verdiyi qərarını necə qiymətləndirirsiniz?
- Heç bir şübhə ola bilməz ki, Sumqayıt Sənaye Parkında qısa zamanda tibbi maska istehsalı müəssisəsinin yaradılması böyük uğurdur və çox əhəmiyyətli bir hadisədir. Bu müəssisə həmin məhsula daxili tələbatın ödənilməsi deməkdir, gələcəkdə ixrac imkanları deməkdir və ən əsası da yeni iş yerləri deməkdir. Bildiyimə görə artıq bu sahədə digər müəssisələr də fəaliyyətə başlamaq üzrədirlər. Əlbəttə ki, istehsalın artması həm də qiymət düşməsini şərtləndirən bir haldır ki, bu da vacib amillərdən biri kimi qeyd olunmalıdır.
Dövlət başçımızın 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılmaları barədə verdiyi sərəncama gəlincə isə deyə bilərəm ki, bu qərar vaxtında atılmış və son dərəcə humanist bir addım olmaqla, möhtərəm Prezidentimizin həqiqətən də hər bir vətəndaşın yanında olduğunu və bütün fəaliyyətini məhz xalqın mənafeyinə yönəltdiyini bir daha aşkar şəkildə nümayiş etdirdi.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər