Bakıda postların sayı azaldılacaqmı? - Açıqlama
Baxılıb: 832 Tarix: 20-04-2020 13:34
Bildiyiniz kimi, rayonlararası postlar stasionar postlardır. Yalnız martın 19-dan təşkil edilmiş bir neçə əlavə post var ki, onlar da hazırda əsasən şəhər mərkəzinə, daha doğrusu, Bakının giriş-çıxışına nəzarət edir.
Bu açıqlamanı Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev yol-nəqliyyat eksperti Elməddin Muradlının xüsusi rejimlə əlaqədar qurulan postların sayının azaldılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib. K.Əliyev qeyd edib ki, Bakı şəhərindəki postlar müxtəlif yerlərdə və müxtəlif vaxtlarda quraşdırılıb:
“Onların da yeri tez-tez dəyişdirilir. Həmçinin şərtlərdən asılı olaraq bəzən bir küçədə, bəzən digər küçədə, yolayrıclarında quraşdırılır. Ancaq hələ ki, postların azaldılmasına zərurət yoxdur”.
K.Əliyev bildirib ki, gün ərzində nəqliyyat vasitələrində karantin qaydalarını pozan 2 min nəfər aşkarlanırsa, bu halda postların ləğvi, sayının azaldılması üçün tezdir:
“Postlardan əlavə, hərəkətdə olan Post Patrul Xidmətinin əməkdaşları da istənilən bir nəqliyyat vasitəsini saxlayıb, içindəki sərnişinlərin, sürücünün sənədlərini yoxlaya bilər”.
Qeyd edək ki, yol-nəqliyyat eksperti Elməddin Muradlı saytımıza açıqlamasında elan edilmiş xüsusi rejimlə əlaqədar qurulan postların sayının azaldılmasını təklif etmişdi.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər