"İcazə almaq istəyənlərin əksəriyyəti "alverçilərdir"" - AÇIQLAMA
Baxılıb: 830 Tarix: 22-04-2020 09:24
Kənd təsərrüfatı məhsulların rayonlardan şəhərə daşınması məsələsi ilə bağlı edilən müraciətləri araşdırdıqda məlum olur ki, bu müraciətləri edənlərin əksəriyyəti fermer deyil. Onlar fermerlərin məhsullarını dəfələrlə baha satan, bizim "alverçi" adlandırdığımız ticarətçilərdir.
Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, belə şəxslərin məqsədi heç də kənd təsərrüfatı məhsulu daşımaq deyil:
"Onlar sadəcə, karantin rejimində sərbəst hərəkət etmək hüququ qazanmaq istəyirlər. Karantin tətbiq olunduğu ilk gündən müşahidə etdik ki, kənd təsərrüfatı məhsullarının daşınmasına icazə verildiyi üçün maşının yük hissəsinə az miqdarda məhsul qoyaraq onu satmaq adı ilə icra hakimiyyətindən arayış almaq istəyən insanlar olur. Amma belə insanların satdıqları məhsulun dəyəri onların sərf etdikləri benzin xərcinin beşdə birini belə ödəmir".
V.Hüseynov əlavə edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, kənd təsərrüfatı məhsullarının orta və iri tonnajlı maşınlarda daşınmasında heç bir məhdudiyyət yoxdur. Məhsulunu satış məqsədilə Bakıya və digər ərazilərə aparmaq istəyən fermer bunun üçün rayon icra hakimiyyətindən arayış alaraq öz məhsulunu digər rayon və şəhərlərə məhdudiyyətsiz gətirir.
Hazırda kənd təsərrüfatı məhsullarının yığım dövrü olmadığını deyən nazirlik rəsmisi qeyd edib ki, ölkədə şəxsi maşınların sayı kifayət qədər çox olduğu üçün kənd təsərrüfatı məhsullarının kiçik tonnajlı maşınlarla daşınmasına icazə verilmir.
"Əgər şəxsi maşınlarla kənd təsərrüfatı məhsullarının daşınmasına icazə verilsə, karantin rejiminin faydası olmaz. Karantin rejimi virusun yayılmasının qarşısını almaq üçün müvəqqəti tətbiq olunan məhdudiyyətdir. Buna görə də indiyədək öz məhsulunu kiçik maşınlarla daşıyan fermerlərə tövsiyə edirik ki, bir neçə fermer bir yerə toplaşsın və icazə sənədi olan orta tonnajlı maşın vasitəsilə öz məhsullarının satış məqsədilə Bakıya və digər şəhərlərə daşınmasını təşkil etsin. Bununla bağlı heç bir məhdudiyyət yoxdur. Kənd Təsərrüfatı Nazirliyi fermerlərin vəziyyəti ilə maraqlanır və onların problemlərinin həllinə yardım edir. Biz onlarla danışdıqda məlum olur ki, belə insanlar bizim tövsiyəmizə uyğun olaraq, birgə maşın tutaraq öz məhsullarını göndərirlər".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər