Bakı-Sumqayıt yolunun genişləndirilməsi nə vaxt bitir?
Baxılıb: 827 Tarix: 25-04-2020 10:32
Bakı-Sumqayıt yolunun genişləndirilməsi prosesində əsas işlər yekunlaşmaq üzrədir.
Qanunvehedef.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, aparılan yenidənqurma işləri çəçivəsində hazırda magistral yolun Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində mövcud olan süni təpəciklər sökülüb və yolun hər iki istiqaməti üzrə 1 hərəkət zolağı enində genişləndirilmə işləri aparılır:
"Artıq genişləndirilən hərəkət zolaqlarında asfalt döşənməsi prosesi aparılır. Analoji işlər sözügedən ərazidə yerləşən yol ötürücüsündə də aparılır. Belə ki, körpüdə əlavə svay əsaslı özül üzərində dayaq inşa olunmaqla sağ və sol istiqamətdə əlavə 1 hərəkət hissəsi yaradılıb. Bundan başqa, magistral yolun təqribən 8-ci kilometrliyində yerləşən və dəmir yolu üzərində inşa olunan yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılır. Yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını "Xırdalan dairəsi"ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində, "Xırdalan dairəsi" ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək".
A.Nəcəfli deyib ki, layihəyə əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci km-də, Bakı Beynəlxalq Avtovağzal kompleksi ilə metronun "Avtovağzal" stansiyası arasındakı ərazidə süni yaradılan, magistral yolun hərəkət hissəsinin daralmasına səbəb olan "təpəcik" ləğv edilərək yerində sürət-keçid zolağı salınır, əsas yolun hərəkət hissəsi genişləndirilərək zolaqlarının sayı 4-ə çatdırılacaq:
"Eyni zamanda şimal tərəfdən (Sumqayıt istiqamətindən) hərəkət edən avtonəqliyyat vasitələrinin Biləcəri qəsəbəsinə daxil olmaları üçün Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən nəqliyyat vasitələri ilə bərabər uzun məsafə qət etmədən və ərazidə əlavə sıxlıq yaradılmadan "buta şəkilli adacıq" vasitəsi ilə sola dönmə yeri təşkil olunacaq. Bundan başqa Bakı Beynəlxalq Avtovağzal kompleksinin və "Avtovağzal" metro stansiyasının ərazisindən keçərək yolötürücü vasitəsi ilə Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən avtomobillərin hərəkət şiddətinin yüksək olduğu üçün həmin ərazinin sağ tərəfi genişləndirilməklə nəqliyyat vasitələrinin hərəkətinin səmərəli təşkili və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunacaq".
Mətbuat xidmətinin rəhbəri bildirib ki, hazırda Xırdalan dairəsi istiqamətindən Masazır dairəsinədək yolun, həmçinin Xırdalan dairəsinin altından keçən avtomobil tunelinin hər bir istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilməsi işləri də davam etdirilir. Qurum rəsmisi Bakı metropoliteninin "20 yanvar" stansiyasının çıxışlarından birinin sökülməsi məsələsinə də aydınlıq gətirib:
"Stansiyanın "Azərsu" istiqamətinə çıxışı ləğv edilməyib. Paytaxtda şimal istiqamətindən giriş-çıxışın təkmilləşdirilməsi məqsədi ilə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində "20 Yanvar" metrostansiyanın "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısındakı çıxışını 8-10 metr irəli çəkmək şərti ilə hərəkət hissəsini genişləndirərək əlavə hərəkət zolağının yaradılmasına və daim sağa hərəkətin təmin edilməsinə nail olmaq, bundan başqa "20 Yanvar" dairəsinin ölçülərinin dəyişdirilərək "oval" formada, həmçinin keçmiş "velotrek"in qarşısında hərəkət hissəsini genişləndirməklə sağa daimi hərəkətin təşkil edilməsi ilə ərazidə yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün işlər görülür. Buna görə də metrostansiyanın həmin istiqamətə çıxışı sökülərək irəli çəkilir. Əsas işlər may ayında yekunlaşdırılacaq. Ümumi yenidənqurma işlərinin isə iyun ayınadək başa çatması nəzərdə tutulur".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər