“Qala” Qoruğunda Novruz şənliyi- Yeniləndi
Baxılıb: 1 551 Tarix: 25-03-2024 12:37
Xəzər Rayon İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz şənliyi keçirilib.
Qoruq İdarəsindən bildirilib ki, tədbir iştirakçıları əvvəlcə xalqımızın mədəni irsini özündə əks etdirən Novruzun çoxəsrlik ənənələri, mətbəxi və məişətinin nümayiş etdirildiyi pavilyonlarla tanış olublar. Daha sonra rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrinin özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələrini, eləcə də idman məktəblərinin çıxışlarını izləyiblər.
Açıq səma altında yerləşən “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində xalçaçılıq, dulusçuluq kimi qədim sənət nümunələri də təqdim edilib. Azərbaycan Milli İdman Növləri Assosiasiyasının təqdimatında göstərilən milli güləş, zorxana, mas-reslinq, ənənəvi oxatma və alpaqut kimi etno idman növləri iştirakçıların böyük marağına səbəb olub. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Peşə Təhsili Mərkəzinin tələbələri qonaqlar üçün müxtəlif sənətkarlıq nümunələrini sərgiləyiblər.
Tədbir mədəniyyət və incəsənət ustalarının iştirakı ilə keçirilən konsert proqramı ilə davam edib.
Novruz şənliyində iştirak edən Xəzər rayonu Binə qəsəbəsi Sabir Abbasov adına 117 saylı tam orta məktəbin şagirdləri sərgidə yüksək göstəricilər əldə etmişlər. Onların əl işləri, hazırladıqları şirniyyatlar, Novruz atributları bəyənilmişdir.
Yeri gəlmişkən qeyd edək ki, martın 18-də 117 saylı məktəbin özündə də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Məmmədovanın təşkilatçılığı ilə "Novruz bayramı" adlı tədbir keçirilib. V x,VIII f və IX x sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə şagirdlərin ifasında bir - birindən maraqlı rəqslər göstərilib, milli müsiqi alətlərimizdə xalq mahnıları ifa olunub, şeirlər səsləndirilib. Xalqımızın milli bayramı olan Novruz bayramının bir - birindən maraqlı adət-ənənələrinin nümayiş olunduğu səhnəciklər hamı tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, “Qala” Arxeoloji-Etnoqrafik Musey Kompleksi 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb. Açıq səma altında muzey kompleksinin açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. 2009-cu ildə Novruz bayramı çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.
Əbdülqəni Hüseynov
Ən çox oxunanlar
Son xəbərlər