Xəzər rayonunda “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Etno Fest” keçirilib
Baxılıb: 1 416 Tarix: 05-06-2024 12:05
31 may - 2 iyun 2024-cü il tarixlərində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Etno Fest” keçirilib. Tədbirin ziyarətçiləri sırasında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Milli Məclisin üzvləri Rauf Əliyev və Soltan Məmmədov, rəsmi qonaqlar, mədəniyyət və incəsənət xadimləri olublar.
Festival ziyarətçiləri Qala Qəsrindəki “Qala tarixi fotorlarda” sərgisi, Qala Etno Bazar, "Xətattın evi”, eləcə də, Azərbaycan xalqının milli adət və ənənələrini təcəssüm etdirən interaktiv fəaliyyətlər, sərgilər, ustad dərsləri ilə tanış olublar.Qeyd edək ki, Qala Etno Fest çərçivəsində, günümüzə qədər qorunub saxlanmış, dublalı (bacalı) evləri ilə məşhur, XVIII əsrə aid unikal Abşeron kəndi nümunəsi olan və hazırda “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda muzey kompleksi formasında qorunan “Dulusçu evi”nin həyətindəki 300 yaşlı püstə ağacının altında ölkəmizin önəmli mədəniyyət xadimləri ilə görüşlər də keçirilib.Sənətkarlıq və qədim peşələrlə maraqlananlar duluzçuluq, xalçaçılıq, boyakarlıq, dəmirçilik, qurama, keçə sənəti, zərgərlik, vitraj, ağac oyma, keramika rəngləmə, ebru və şam düzəltmə üzrə ustad dərslərində həvəslə iştirak ediblər. Ənənəvi və etno idman növlərinin həvəskarları isə mars güləşini izləmək, eyni zamanda nərd və dama kimi masa üstü oyunlarda iştirak imkanı əldə ediblər.
Tədbirdə uşaqların əyləncəli vaxt keçirməsi üçün etno və uşaq oyunları da təşkil olunub. Daha yaradıcı balaca ziyarətçilər isə rəsmlər çəkərək və “Rəsmini yarat” interaktiv fəaliyyətə qoşulublar.
Əbdülqəni Hüseynov
Ən çox oxunanlar
Son xəbərlər