43 İLİN MƏZUNLARI GÖRÜŞDÜ
Baxılıb: 1 616 Tarix: 04-11-2024 14:31
2 Noyabr 2024-cü il. Ömrümüzün ən şirin, duyğulu, qayğısız, hər anı bir ömrə bərabər, sehirli, ən təmiz arzulu günlərini - məktəb illərini xatırlamaq üçün bizlər – Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 117 saylı tam orta məktəbi 1981-ci ildə bitirmiş keçmiş şagird yoldaşlar doğma təhsil ocağında bir araya gəlib məzun olmağımızın 43-cü ilini yüksək səviyyədə qeyd etdik.
Təlim – tərbiyəyə yiyələnməyimizdə zəhmətləri olmuş rəhmətlik müəllimlərimizi yad etdik, onların zəhmətlərini yerə vurmadığımıza görə Tanrıya şükür etdik. Ümumiyyətlə, Allah şükür eləmək üçün çox səbəblər tapdıq. Sağ-salim qaldığımıza, oğul-qız, nəvə -nəticə yiyəsi olmağımıza, ölkəmizin müstəqilliyinin bərpasına şahidlik etdiyimizə, cənnət Qarabağın işğaldan azad olunduğunu gördüyümüzə, aldığımız hər nəfəsə, təam etdiyimiz hər nemətə görə Uca Yaradana minnətdarlıq duaları oxuduq. Allah hamının yaxşı niyyətli dualarını müstəcəb etsin!
Keçmiş xatirələri bölüşdük. Kimimiz uşaq şıltaqlıqlarımızı yada saldıq, kimimiz o vaxtlar dəbdə olan, sevdiyimiz manhıları zümzümə etdi, kimimiz öz övladlarının nailiyyətlərindən danışdı, kimimiz müasir dövrdə gənclərin tərbiyəsinə mənfi təsir edən tendensiyalardan gileyləndi, kimimizsə itirdiyi yaxınlarını xatırlayıb kövrəldi...
Əlbəttə, yaş öz sözünü demiş, taleyin keşməkeşli yolları hamımızın sifət cizgilərinə, səhhətinə öz izini salmışdır. Amma müşahidə etdim ki, şagird yoldaşlarımın haqlı olaraq qəlbin aynası sayılan gözləri dəyişməmişdi, demək olar xasiyyətləri də elə əvvəlki kimi qalmışdı. Mənim də barəmdə eyni fikirləri söylədilər. Ümumiyyətlə, bizi birləşdirən bir ortaq cəhət vardır - mənimlə şagird yoldaşı olmuş həmyaşıdlarımın hamısı həyatda, cəmiyyətdə, işlədikləri kollektivlərdə, harada olurlarsa-olsun, prinsipial, haqqı deyən, ədalətin tərəfdarları olublar. Bizlər gerçək, güvəniləsi dostlarıq. Xeyirimizdə - şərimizdə bir-birimizi axtarıb-arayan, bir-birimizə əl tutanlarıq.
Son olaraq doğma məktəbimizin indiki direktoruna, müəllim kollektivinə də yetişməkdə olan nəslin təlim-tərbiyəsi işində müvəffəqiyyətlər, indiki şagirdlərə isə xoşbəxtlik arzulayırıq. Görüşümüzün baş tutduğu Mərdəkan qəsəbəsi “Rübai” restoranının rəhbərliyinə də personalın göstərdiyi təqdirəlayiq xidmətə görə təşəkkür edirik.
Əbdülqəni Hüseynov, “Qanun və Hədəf” qəzetinin şöbə müdiri
Ən çox oxunanlar
Son xəbərlər