Xəzər rayonunda intensiv yağıntıların fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir

Son günlər ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında müşahidə olunan qeyri-sabit hava şəraiti və intensiv yağıntılar nəticəsində Xəzər rayonunun bir sıra ərazilərində yaranmış fəsadların aradan qaldırılması məqsədilə genişmiqyaslı işlər həyata keçirilir.
Mövcud vəziyyətlə əlaqədar olaraq, Xəzər Rayon İcra Hakimiyyəti və yerli bələdiyyə orqanları tərəfindən proses üzrə təşkilati və əlaqələndirmə tədbirləri həyata keçirilir. Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və Mənzil Kommunal Təsərrüfat Birliyinin müvafiq qurumlarının texnika və canlı qüvvəsi cəlb olunmaqla, xüsusi plan əsasında mərhələli şəkildə tədbirlər görülür.
Görülən operativ tədbirlər çərçivəsində yağış sularının kənarlaşdırılmasında mühüm rol oynayan nasosxanaların böyük qisminin fəaliyyəti qısa müddətdə bərpa olunmuş, onların texniki ötürücülük qabiliyyəti artırılaraq iş rejimi maksimum səviyyədə gücləndirilmişdir.
Hal-hazırda qəsəbədaxili küçələrdə yığılmış yağış sularının kənarlaşdırılması, vətəndaşların və nəqliyyat vasitələrinin maneəsiz hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Qəni Hüseynov























