Tramp Qəzza ilə bağlı süni intellektlə video hazırlatdı - Tənqid edildi
Baxılıb: 731 Tarix: 27-02-2025 10:58

ABŞ Prezidenti Donald Tramp onun fikrincə Qəzza zolağının bərpa edilməsindən sonra necə görünəcəyinə dair video hazırladıb.
Qanunvehedef.az xəbər verir ki, ABŞ lideri süni intellekt vasitəsilə hazırlanan videonu özünün “Truth Social” hesabında paylaşıb.
Sözügedən videonun əvvəlində ilk olaraq dağıntılar fonunda “Qəzza 2025” yazısını görmək mümkündür. Daha sonra isə göydələnlər, çimərlik, bahalı avtomobillər, Trampın qızıldan heykəli və səmadan dollar yağdığını əks etdirən səhnələr gəlir.
Bununla yanaşı, müxtəlif hissələrdə amerikalı milyarder İlon Mask, eləcə də çimərlikdə Trampla istirahət edən İsrailin Baş naziri Benyamin Netanyahu təsvir edilib.
33 saniyə davam edən video qısa zaman ərzində sosial şəbəkələrdə gündəm olub. Bununla yanaşı, Trampın Qəzzanı gələcəkdə necə görməsinə dair görüntülər həm bəzi sosial şəbəkə istifadəçiləri, həm də media tərəfindən tənqid olunub. Trampı bu videoya görə tənqid edənlər arasında onun öz tərəfdarları da olub. Bir çoxları onu real problemləri görməzdən gəlməkdə ittiham edib.
Qeyd edək ki, hazırda Qəzzanın gələcəyi və ABŞ-nin münaqişənin həllində rolu ilə bağlı debatlar artmaqdadır. D.Tramp bundan əvvəl Ağ Evdə B.Netanyahu ilə birgə mətbuat konfransında ABŞ-nin Qəzzanı nəzarət altına ala biləcəyi barədə danışıb. O, həmçinin vurğulayıb ki, Qəzzada yaşayan fələstinlilər Misir və İordaniya kimi qonşu ölkələrə köçüb getməlidirlər.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər