ABŞ bu şəxslərin vizasını ləğv edəcək

ABŞ kiberdələduzluq, insan alveri və uşaqlara qarşı cinsi istismar şəbəkələrində iştirak edən şəxslərə qarşı yeni viza məhdudiyyətləri tətbiq etməyə başlayıb. Vaşinqton bu addımla milyardlarla dollarlıq zərərə səbəb olan transmilli cinayət qruplarını hədəf aldığını açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, ABŞ Dövlət katibi Marko Rubio yeni qlobal siyasəti açıqlayarkən bildirib ki, tədbirlər kibercinayətkarlıq fəaliyyəti ilə məşğul olan və ya bu şəbəkələrə dəstək verən şəxslərə qarşı yönəlib.
Rubionun sözlərinə görə, İmmiqrasiya və Vətəndaşlıq Qanunu çərçivəsində tətbiq ediləcək viza məhdudiyyətləri yalnız birbaşa cinayət iştirakçılarına deyil, bəzi hallarda onların yaxın ailə üzvlərinə də şamil oluna bilər.
ABŞ rəsmisi bildirib ki, xüsusilə onlayn investisiya fırıldaqları son illərdə ciddi təhlükəyə çevrilib.
Rubio qeyd edib ki, tez-tez Çin mənşəli transmilli cinayət təşkilatları ilə əlaqələndirilən bu şəbəkələr yalnız 2024-cü ildə ABŞ vətəndaşlarına ən azı 10 milyard dollar zərər vurub.
Onun sözlərinə görə, bu cinayət fəaliyyətləri korrupsiya, çirkli pulların yuyulması və insan alveri kimi digər qanunsuz əməllərlə də əlaqəlidir.
Marko Rubio xaricdən fəaliyyət göstərən və amerikalı uşaqları hədəfə alan cinsi istismar və şantaj şəbəkələri ilə bağlı narahatlığını da ifadə edib.
O bildirib ki, ABŞ administrasiyası bu cür cinayət şəbəkələrinin dağıdılması üçün mövcud bütün hüquqi vasitələrdən istifadə edəcək.
“Tramp administrasiyası cinayətkar fırıldaq şəbəkələrini dağıtmaq və onlara imkan yaradan şəxsləri məsuliyyətə cəlb etmək üçün sanksiyalar, məhkəmə təqibləri, aktivlərin müsadirəsi, ekstradisiya tələbləri və beynəlxalq hüquq-mühafizə əməkdaşlığı daxil olmaqla bütün vasitələrdən istifadə edir”, - Rubio bildirib.
Qanunvehedef.az




















