Rumıniyada güclü zəlzələ oldu - Bu ölkələrdə də hiss edildi

Rumıniyada 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) açıqlama yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 02:48-də baş verib. Zəlzələnin episentri Vrança bölgəsindəki Nereju-Mik kəndindən təxminən 16 kilometr qərbdə, ocağı isə 131-140 kilometr dərinlikdə yerləşib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) təkanları hiss edən sakinlərdən 14 mindən çox bildiriş qəbul edildiyini açıqlayıb.
Zəlzələ ocağının dərində yerləşməsi səbəbindən təkanlar paytaxt Buxarestlə yanaşı, geniş coğrafiyada - Bolqarıstan, Serbiya, Moldova, Ukrayna və Türkiyənin İstanbul şəhərinin bəzi rayonlarında da hiss olunub.
Qeyd edək ki, Karpat dağlarının ətəyində yerləşən Vrança seysmik zonası tarix boyu dağıdıcı təkanlarla yadda qalıb. 1977-ci ildə bu bölgədə baş verən güclü zəlzələ zamanı əsasən Buxarestdə olmaqla 1500-dən çox insan həyatını itirmişdi.
Qanunvehedef.az




















