Erkən finallara doğru - Mbappe kumiri ilə üz-üzə gələcək
Baxılıb: 582 Tarix: 05-07-2024 13:25
Bu gün AÇ-2024-də 1/4 final mərhələsinə start veriləcək. "Qafqazinfo"nun məlumatına görə, İspaniya meydan sahibi Almaniya ilə, Fransa isə Portuqaliya ilə üz-üzə gələcək. Sözsüz ki, bu qarşılaşmalar çempionatın ən maraqlı oyunları olacaq. Avropa mətbuatının gündəmini zəbt edən bu matçlar erkən finallar adlandırılır. Buna səbəb isə turnirin startından öncə favoritlər arasında 4 komandanın da adının çəkilməsidir.
Həqiqət də belədir. Komandaların həm heyətləri, həm oynadıqları futbol deyilənləri təsdiq etməyə əsas verir. Gənclərdən qurulan heyətlə gözəl futbol oynayan İspaniya yığması gələcəyin ulduzu sayılan Lamin Yamalla Niko Uliyamsın liderliyində adından söz etdirməyi bacarıb.
Almaniya millisi isə Yulian Naqlessmanın rəhbərliyi altında baxımlı futbolla göz oxşayır. Camal Musialanın çıxışı isə diqqət çəkməyə bilməz. Almanların gənc və təcrübəli futbolçuların vəhdətindən qurulmuş heyəti həm meydan sahibi olduqlarına, həm də gücünə görə favorit hesab edilirdi. Xüsusilə Toni Kroos kimi əfsanənin yenidən heyətə qayıtması azarkeşləri də ümidləndirir.
Fransa yığması isə ulduzları ilə öyünə bilər. Hazırda avropalı futbolçuların siyahısında ön sıralarda gələn Kilian Mbappe, Antuan Qrizman, Marcus Türam kimi futbolçulara inam böyükdür. Fransızların ehtiyat oyunçular skamyası da kifayət qədər zəngindir. Baş məşqçi Didye Deşamın sərəncamında fərdi keyfiyyəti ilə matçların taleyini həll edəcək futbolçular var. Mbappedən isə daha parlaq çıxış məhz bu mərhələdə gözlənilir. Kumiri Kriştianu Ronaldonun kapitanı olduğu Portuqaliyaya qarşı oynayacaq Kilianın bu matçda həlledici rol oynayacağı gözlənilir.
Portuqaliya yığması da ulduzlar yığını sayıla bilər. Hücum xəttində kifayət qədər zəngin heyət Roberto Martinezə seçimlərdə çətinlik yaratmaqla yanaşı həm də lazım olduğu zaman işini asanlaşdırır. Portuqalların heyətində superulduz Kriştianu Ronaldo ilə yanaşı Bruno Fernandeş, Bernardo Silva, Joao Feliks, Rafael Leao kimi Avropa qitələrində adından söz etdirən oyunçular var.
Statistikalar: İspaniya - Almaniya
Almaniya yığması rəsmi matçlarda sonuncu dəfə İspaniyanı 1988-ci ildə məğlub etməyi bacarıb. Həmin oyun AÇ-1988-in qrup mərhələsinə təsadüf edir. Həmin vaxt Qərbi Almaniya adlanan yığma Völlerin vurduğu qollar sayəsində ispanlara 2:0 hesabı ilə qalib gəlib. O vaxtdan bəri almanlar qələbəyə həsrətdir. Komandalar arasında keçirilən son 5 matçda da sevinən tərəf ispanlar olub.
2008-ci il Avropa çempionatında keçirilən qarşılaşmada İspaniya Fernando Torresin qolu ilə qalib gələrək kuboku başı üzərinə qaldırıb.
2010-cu ildə keçirilən dünya çempionatının yarımfinal matçında da ispanlar qələbəyə sevinən tərəf olub. Onlar 1:0 hesabı ilə qalib gəliblər.
2020-ci ildə baş tutan Millətlər Liqası oyununda isə prineylilər Almaniyanın qapısından 6 cavabsız top keçirib. Helə həmin analoji turnir çərçivəsində keçirilən digər matç 1:1 hesabı ilə başa çatıb.
2022-ci il dünya çempionatının qrup mərhələsindəki matç 1:1 hesabı ilə başa çatıb.
Statistikalar: Portuqaliya – Fransa
Əslində, burada portuqalları psixoloji olaraq daha üstün saymaq olar. Sonuncu dəfə tərəflər arasında keçirilən ən vacib qarşılaşma 2016-cı ilin Avropa çempionatının finalında baş tutub. Həmin həlledici qarşılaşma Kriştianu Ronaldonun zədələnib meydandan çıxması ilə yadda qalıb. O, görüşü yarımçıq tərk etmişdi. Buna baxmayaraq Portuqaliya Ederin qolu ilə fransızları öz ölkələrində məğlub edib qələbə qazana bilmişdi.
2020-ci ildə Millətlər Liqası çərçivəsində tərəflər arasında baş tutan iki görüşdən biri 0:0 başa çatıbsa, digərində Fransa rəqibini məğlub edə bilmişdi. "Xoruzlar" 1:0 hesablı qalibiyyətə sevinmişdi.
Tərəflər arasında baş tutan sonuncu görüş isə bolqollu olub. Vaxtilə ilə "Real"da komanda yoldaşı olmuş portuqal Kriştianu Ronaldo və fransız forvard Kərim Benzamın etdiyi dubllarla 2:2-lik nəticə qeydə alınmışdı.
İtkilər:
Burada fransızları bəxtsiz adlandırmaq olar. Yalnız onların heyətində bir futbolçu matçı buraxacaq. Deşamın sevimli oyunçularından Adrien Rabyo sarı vərəqə limitini doldurduğu üçün meydanda olmayacaq.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər