Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Müharibə nəticəsində Tərtər rayonunun yol infrastrukturuna dəymiş ziyan tam aradan qaldırılıb

Baxılıb: 432     Tarix: 27-10-2021 12:01   

Azərbaycanın Vətən müharibəsində qazandığı və torpaqlarımızın erməni işğalından azad edilməsi ilə nəticələnən şanlı qələbəsinin 1 illiyinin xalqımız tərəfindən böyük sevinclə qeyd edildiyi bu ərəfədə həmsöhbət olduğumuz Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 29 saylı Yol İstismar İdarəsinin rəisi Ramil Bayramovla söhbətimizin qayəsini düşmən tapdağından qurtulmuş ərazilərdə həyata keçirilən quruculuq işləri mövzusu təşkil etdi.Təklifimizi məmnuniyyətlə qəbul edən Ramil müəllim ilk növbədə qeyd etdi ki, Vətən müharibəsində əldə olunmuş qələbəyə görə möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevə və onun əmri ilə canını, qanını Vətən yolunda fəda edən şəhidlərimizin ruhuna, sağlamlığını itirən qazilərimizə, şücaət göstərmiş igid əsgər və zabitlərimizə borcluyuq:

- Məlum olduğu kimi, döyüş meydanında uduzan mənfur düşmən azğınlaşaraq dinc əhalimizi hədəfə aldı. Tərtər rayonu da düşmənin raket və artilleriya hücumuna məruz qaldı. Mülki vətəndaşlar arasında ölən və yaralananlar oldu, yerli infrastruktura, binalara, fərdi evlərə ziyan dəydi. Respublikamızın hər yerində olduğu kimi, qəhrəman Tərtər rayonunda da şəhidlərin xatirəsi əziz tutulur, şəhid ailələri qayğı və diqqətlə əhatə olunur, qazilərimizə hörmət göstərilir, problemlərinin həllinə yardım edilir, müharibə iştirakçılarının məşğulluqlarının təmini məsələləri diqqət mərkəzində saxlanılır. İdarəmizdə xeyli sayda müharibə iştirakçısı işlə təmin olunmuşdur. İdarə tərəfindən hələ müharibənin gedişində Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edilmiş, döyüşən orduya köməklik olunmuşdur.
Hömsöhbətimiz bildirdi ki, müharibə nəticəsində Tərtər rayonunun yol infrastrukturuna ciddi ziyan dəymişdir:

- Müharibənin ilk günlərində, oktyabr ayının 3-də Tərtər rayonunun Çaylı, Suqovuşan və Talış kəndləri, eləcə də Suqovuşan su anbarı işğaldan azad edilən ərazilərimizdən idi. Çaylı-Suqovuşan -Talış avtomobil yolu da 70-ci illərdə tikilmiş yollardır. Belə ki, 1976-cı ildə Ulu Öndərin göstərişi ilə Tərtər və Xanarx çaylarının birləşdiyi yerdə tikilmiş Suqovuşan su anbarından Tərtər, Goranboy, Yevlax, Ağdam, Ağcabədi və digər rayonlara suyun verilməsi təmin olunmuşdu. 30 il ərzində işğal altında qalmış bu yollar da tamamilə sıradan çıxmışdır.

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, müharibənin davam etməsinə baxmayaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 28 km olan Tərtər-Çaylı-Suqovuşan -Talış avtomobil yolunun təmir-bərpa işləri ərazi minadan təmizləndikdən sonra çox qısa müddət ərzində, 2 ay ərzində II texniki dəcəyə uyğun yenidən qurularaq istismara verilmişdir. ərtər ərazisində düşmən hücumları nəticəsində yol infrastrukturuna dəyən böyük ziyanın aradan qaldırılması məqsədilə bu istiqamətdə təmir-bərpa işlərinə start verilib. İşlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün kifayət qədər texnika və canlı qüvvə səfərbər olunub. Düşmənin təmas xəttindən aralıda dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artilleriya atəşinə tutması nəticəsində Tərtər rayonu ərazisində 1 respublika əhəmiyyətli, 6 yerli əhəmiyyətli avtomobil yoluna, həmçinin şəhər daxilində 5 küçənin yol örtüyünə ziyan dəyib. Yol infrastrukturuna dəyən ziyanın aradan qaldırılması məqsədilə rayon ərazisindən keçən respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunda aparılan bərpa işləri layihəsinə uyğun olaraq yolun 4.1 kilometrlik hissəsində frezlənmə işləri aparılıb, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılıb və kənara daşınıb, torpaq yatağının bərpası üçün yolboyu yararlı material tökülərək kipləşdirmə işləri görülüb. Sözügedən işlərin davamı olaraq əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunun Tərtər şəhərindən keçən hissəsində aparılan təmir-bərpa işlərinin ardınca isə respublika əhəmiyyətli digər yolun, Tərtər-Hindarx avtomobil yolunun təmiri işləri görülüb. Bundan başqa yerli əhəmiyyətli avtomobil yollarının təmir və bərpası istiqamətində də işlər aparılıb. Belə ki, yerli əhəmiyyətli Kovdadıq - Rəcəbli, Seydimli və Düyərli yolları eyni zamanda Buruc-Gülabatlı və Bəyim-Sarov avtomobil yolları təmir olunub. Növbəti mərhələ olaraq isə Qaraqoyunlu–Küçərli avtomobil yolunun təmiri həyata keçirilib. Ardıcıl olaraq Tərtər rayonunun intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində zərər görmüş şəhərdaxili Şah İsmayıl Xətai, Elman Səfərov, Şıxəli Qurbanov, Mübariz İbrahimov və Famil Qulami küçələrində də təmir-bərpa işləri yekunlaşdırılıb. Layihəyə uyğun olaraq asfaltlanma işləri bitdikdən sonra yollar boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Ramil Bayramov Tərtər rayonunun Evoğlu–Aşağı Qapanlı–Azad Qaraqoyunlu–İlxıçılar–Köçərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri sürətlə və keyfiyyətlə həyata keçirilərək başa çatdırıldığını da qeyd etdi:

- Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərinə gedən və ümumi uzunluğu 11 km olan avtomobil yolları 7 minə yaxın əhalinin yaşadığı 5 kəndin rahat gediş-gəlişini təmin edir. Bundan öncə uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismarda olması səbəbindən sözügedən yaşayış məntəqələrində yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara çıxışında xüsusən payız-qış mövsümündə problemlər yaşanırdı. Artıq bu problem aradan qaldırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən texnoloji ardıcıllıqla IV texniki dərəcəyə uyğun yenidən qurulan yollar 10 metrə qədər genişləndirilib. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Layihəyə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə lazımi qrunt tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb, yeni torpaq yatağı və yol əsası inşa edilib. Avtomobil yollarının altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunaraq zəruri yerlərdə yenilərinin inşa edilməsi layihə üzrə icra edilib. Sadalanan işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollara iri və xırda dənəli olamaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yollar boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və siqnal dirəkləri quraşdırılıb, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkilib. Təbii ki, bir-neçə yaşayış məntəqəsinə gedən yolların bərpası, inşası, müasir tələblər səviyyəsində yenidən qurulması vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.

Qələmə aldı: Mehman Ziyadovшаблоны для dle 11.2



Ən çox oxunanlar