Baş nazir hökumətin qarşısındakı əsas vəzifələri açıqladı
Baxılıb: 1 444 Tarix: 15-03-2024 13:08
Hökumətin qarşısında 2024-cü və gələcək illərdə duran əsas vəzifələr və çağırışlar açıqlanıb.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən bildirib.
Baş nazir deyib ki, hökumətin qarşısında 2024-cü və gələcək illərdə duran əsas vəzifələr və çağırışlar aşağıdakılardır:
- Yeni inkişaf mərhələsindəki hədəflərə çatmaq üçün “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası və maliyyə təminatının yaradılması vacib vəzifələrdən hesab olunur.
- Müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması davam etdiriləcək. Dövlət büdcəsində ən böyük xərclər növbəti illərdə də hərbi xərclər olacaq.
- Əsas vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34 min 500 ailənin (140 min nəfərin) doğma torpaqlarına qayıdışı təmin olunmalıdır.
- Qarabağ və Şərqi Zəngəzur qeyri-neft iqtisadiyyatının inkişafında yeni drayverlərdən biri olacaq.
- İqtisadi sahədə aparılacaq islahatlar çərçivəsində sağlam rəqabətə əsaslanan, şəffaf və sağlam biznesin inkişafı ilə bağlı zəruri addımlar atılacaq. Məhz rəqabət məcəlləsinin qəbul olunması və dövlət-özəl tərəfdaşlığının təşviqi iqtisadi artımın sürətlənməsinə əlavə zəmin yaradacaq.
Əbdülqəni Hüseynov
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər