İlham Əliyevin Qarabağdan sonrakı hədəfi
Baxılıb: 814 Tarix: 15-03-2024 13:50
Qarabağ Azərbaycandır!
Elə müəllifi Prezident İlham Əliyev tərəfindən sonundakı nida işarəsinə qədər tam icra olunan bu iki müqəddəs söz on milyonluq xalqımızı və əlli milyonluq azərbaycanlıları “dəmir yumruq” kimi birləşdirdi. Vaxtında və zamanında deyilən bu sözlər bizim üçün dillər əzbəri oldu, milli ideologiyaya çevrildi, canımızla, qanımızla və hər şeyimizlə səfərbər olunmağımıza səbəb oldu. O sözlər bizi tarixi zəfərimizə, bütövlüyümüzə, tam suverenliyimizə, Qarabağın həm mənəvi paytaxtı Şuşaya, həm də əsl paytaxtı Xankəndiyə aparıb çıxardı!
Nidalı o iki müqəddəs söz həm də canından və qanında qorxan, şəxsi maraqlarını daha üstün tutan və xalqımızın yolunu deyil, başqa yolu getmək öhdəliyinə sahib olan münafiqlərimizi də ifşa etmiş oldu.
Biz Qarabağın Azərbaycan olduğunu isbat etmək mərhələsini artıq uğurla arxada qoyduq. Ancaq bizi yenidən o mərhələyə qaytarmaq üçün hər şeyi edirlər. Vaşinqtondan başlayıb Parisə qədər hər şeyi edirlər ki, de-yure olduğu kimi, de-fakto da keçdiyimiz bu mərhələni psixoloji olaraq keçə bilməyək. Biz də Yuxarı Əskiparaya, Sofuluya, Bərxudarlıya və Kərkiyə qədər Azərbaycan olduğunu artıq isbat etmişik. De-faktolarımızı qəbul etmələrinin ən çox Ermənistana xeyri var, çünki Azərbaycanın real de-yureləri Ermənistanın saxta de-faktolarının qənimidir.
Prezident İlham Əliyev artıq Azərbaycanı növbəti “level”lərə aprmaqdadır. Bunu həm işində, həm də niyyətində isbat edib. O məqsədlə idi ki, Prezident bu ilin 10 yanvar tarixində yerli televiziyalara geniş müsahibə verərkən xalq və dövlət olaraq gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımıza dair diskussiyaların zərurətindən danışdı. Elə yenə də bu məramla idi ki, İlham Əliyev tarixdə ilk dəfə bütöv və suveren Azərbaycanın Prezidenti kimi and içərkən bundan sonra gedəcəyimiz yolu ancaq milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olan və beyinləri təmiz olan nəsillə qət edə biləcəyimizi vurğuladı.
Bütöv, suveren və qalib Azərbaycanın ilk Prezidenti İlham Əliyev artıq qarşısına 86,6 min kv/km. ərazimizin və on milyonluq əhalimizin deyil, 200 min kv. km-ə yaxın ərazisi və 20 milyona yaxın əhalisi olan Cənubi Qafqazın inkişaf problemlərinin həllini qoyub.
Prezident İlham Əliyev artıq təxminən 5 milyon kv. km. ərazisi və yüz milyonlarla əhalisi olan türk dünyasının ümumi problemlərinin həlli istiqamətində praqmatik təşəbbüslərin rellaşdırılmasına çalışır. O, sayı iki milyardı keçmiş islam coğrafiyasının ən ümdə problemi olan islamofobiya ilə real mübarizədə islamofoblara meydan oxuyur.
Adam təkcə insanların, xalqların və dövlətlərin deyil, qitələrin problemi olan neoklonializm və neofaşizm meyilləri ilə amansız mübarizə üçün platformaların yaradıcısı kimi neokolonialistlərin və neofaşistlərin yuxusuna haram qatıb. Məhz ona görədir ki, maskalanmış müstəmləkəçilər və faşistlər həm dövlətimizə, həm də onun rəhbərinin şəxsinə qarşı üfunət qoxusu verən dezinformasiya prosesini bir an olsun dayandırmırlar.
Prezident İlham Əliyev isə həm də ona, xalqına və dövlətinə qarşı olan qüvvələrin də aid olduğu bəşəriyyətin və insanlığın ümumi problemləri ilə mübarizə aparmaq iradəsini davam etdirir. Bütün dünyanı ölümlə açıq şəkildə təhdid edən pandemiya ilə mübarizədə Azərbaycan liderinin təşəbbüsləri 120 dövlətin üzvü olduğu Qoşulmama Hərəkatının yüksək kürsüsündə və bütün dünyanı birləşdirən BMT Baş Assambleyasının tribunasında alqışlanırdı. Məhz onun çağırışı ilə vaksin millətçiliyinin və pandemiya ilə mübarizədə ədalətsiz yanaşmaların qarşısı alındı. Bu uğurlu təcrübənin və dünyanın və insanlığın qurtuluşu olan alternativ və bərpa olunan enerjinin, bəşəriyyətə yeni nəfəs gətirəcək yaşıl enerjinin tətbiqinə verdiyi töhfənin nəticəsidir ki, dünyanı təhdid edən iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində bu il keçiriləcək COP29 tədbirinə ev sahibi kimi Azərbaycan, bu prosesə rəhbər isə Prezident İlham Əliyev seçildi. İqlim dəyişikliyinin mənfi nəticələri təkcə Azərbaycana deyil, həm də elə islamofob, neokolonialist və neofaşist siyasətlərinə görə mübarizə apardığımız qüvvələri də təhdid etməsinə baxmayaraq, bu ümumbəşəri problem olduğuna görə bizim hədəfimizə çevrilib.
Bu addımları atan, belə bir siyasət ortaya qoyan dövləti və onun rəhbərini hədəfə almaq, onu müharibədə, qeyri-insani dəyərlərə xidmət etməkdə ittiham etmək özü-özlüyündə böyük bir xəyanətdir.
Bütün bunlara görə də biz xalq və on milyonlarla dünya azərbaycanlıları olaraq dövlətimizi və bir o qədər də onun rəhbəri İlham Əliyevi qorumalıyıq. Bütün şər qüvvələrdən, onların hiyləsindən, məkrindən və pis qoxuyan yalan və hədyanlarından. Çünki Prezident İlham Əliyev dövlət başçısı kimi deyil, bir azərbaycanlı kimi, bizə demokratiyadan nağıl danışan Fransanın “dövlət mənəm” ifadəsini deyən kralı XIV Lüdoviqdən fərqli olaraq, özünü və şəxsiyyətini dövlətimizin düşmənlərinə və onların təhlükələrinə sipər edib. Bax budur Vətəndaş, budur Lider, budur Dövlət!
Xəyal Bəşirov,
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər