Bu, rüsvayçılıqdır: Kim utanıb yerə girməli, istefa verməlidir?
Baxılıb: 905 Tarix: 12-06-2024 11:04
7.296 müəllim imtahan verə, onlardan 3.909-u keçid balını keçə bilməyə?
Keçid balını toplaya bilməyənlərin 3.424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimidir. Təsəvvür edirsiniz?
İmtahanda 1209 ibtidai sinif müəlliminin cavab verə bilmədiyi suallardan biri yayılıb. 509.052 ədədinin sözlə yazılışını 1209 müəllim bilməyib, halbuki 5 variant da təklif edilib, sadəcə, düzgün olanı seçmək lazım idi. Bu primitiv, asan, hətta gülməli dərəcədə bəsit sualın doğru cavabını tapıb işarələyə bilməmək nə deməkdir?
İstənilən ədədin sözlə ifadəsini yazmaq üçün qətiyyən ali təhsilli olmağa ehtiyac yoxdur, yalnız ibtidai sinfi normal oxumaq kifayətdir.
İmtahana girən bu müəllimlər yəqin ki, ən azı kollec bitirib. Ədədin sözlə yazılmasını necə bilməmək olar? Bunlar ali məktəbi, lap elə kolleci necə oxuyub-bitirib? Bunlara o diplom necə verilib?
Bunun adı milli faciədir, utancdır, rüsvayçılıqdır.
Elm və Təhsil Nazirliyinə bu rüsvayçılığı malalamadığı, üzə çıxardığı və açıq şəkildə müzakirəyə buraxdığına görə təşəkkür düşür. Ancaq yarımçıqdır, cəsarətsiz yanaşmadır, problemi sonadək açıb-ağartmayıb və ona görə də heç bir nəticəsi olmayacaq.
1. Təhsil Nazirliyi ilk özündən başlamalıdır: bu “müəllimlər” hansı orta məktəbi, hansı qiymətlərlə bitiriblərsə, bir zəhmət, açıqlasınlar və o məktəbləri nəzarətə götürsünlər: necə ola bilər ki, 11-ci sinfi bitirən, attestat alan şagird – hələ müəllim olmağa iddialı şəxs demirəm – adi, primitiv sualın cavabını yaza bilməsin?
2. Ədədin sözlə yazılışını bilməyən müəllimlər hansı ali və ya orta ixtisas məktəbinin məzunlarıdır? Neçə yaş aralığındadırlar? Onlar bundan əvvəl dərs deyiblərmi? Nə qədər uşağı şikəst, bədbəxt ediblər?
Qoy, onlara diplom verən ali təhsil müəssisələri bu rüsvayçılığa cavab versinlər: görək bu bəsit sualın cavabını verə bilməyənlər hansı məharətləri ilə diplom almağı bacarıblar?
Kimsə cavabdeh olmalıdır axı! Bu xəcalət, rəzillik, rüsvayçılığa görə kimsə utanıb yerə girməli, istefa verməlidir axı!
Bəs kim? Onların təhsil aldığı orta məktəbin rəhbərliyimi, ali məktəb rəhbərliyimi? Kimdir səbəbkar, cavabdeh?
İmtahan stressi, imtahan gərginliyi hamı üçün xarakterikdir: istər 17 yaşlı abituriyent olsun, istərsə də 40 yaşlı yetkin, savadlı şəxs. Xatırlayıram, Bonapartın adına deyilən bir məşhur rəvayət vardı: generallarından biri gecə yarısı qaçaraq Napoleonun otağına daxil olur və qışqır-bağırla onu yuxudan oyadır. “Nə olub” – hövlnak yerindən xıçrayıb qalxan imperator soruşur. “Düşmən hücum edib”i eşidəndə gülür ki, mən də narahat oldum, elə bildim imtahana çağırırsan!
Anlayırıq imtahan gərginliyini – ancaq 7296 müəllimdən yarıdan çoxunun, 60 faizə qədərinin minimal balı toplaya bilməməsinin imtahan gərginliyinə heç bir aidiyyəti yoxdur! 1209 müəllimin ədədin sözlə yazılışını bilməməsinin “imtahan stressi”nə qəti dəxli yoxdur!
Bu, elə bir savadsızlıqdır ki, təsəvvür etmək mümkün deyil!
Təhsil millətin gələcəyidir – bu, tezis, şablon ifadə deyil, reallıqdır, həqiqətdir; təhsil, savad hər şeydir!
Millətin savadı məhv olub – bunu bütün sahələrdə müşahidə edə bilərsiniz. Yalnız bizim sahədə - mediaya yeni gələnlərin adicə xəbər yazmaq bacarığının olmaması da deyil, sözlərin düzgün yazılışını bilməmələri, cümlə qurmağı bacarmamaları kütləvidir.
Azərbaycan dilini bilən məzun görəndə az qalırıq, ayaqları altında qurban kəsək!
Bu, kütləvi savadsızlıqdır və haradan qaynaqlandığını da 8 iyun imtahanı üzə çıxardı.
Bəs sonra? Sonra nə olacaq? Gedib ədədin sözlə ifadəsini öyrənib, gəlib imtahandan keçəcəklər və məktəblərdə dərs deməyə başlayacaqlar? Bu rəzillik elə beləcə də bitəcək?
Ən çox oxunanlar
Son xəbərlər