Xankəndidə Əlbayaxa Döyüş Nümayəndəliyinin Yeni Döyüş Klubunun açılışı
Baxılıb: 1 273 Tarix: 12-02-2025 10:23

Səməd İbrahimov: “Xankəndidə XanYaşma Döyüş Klubunu açacağıq”
Azərbaycan idman sahəsində yeni bir tarixi hadisəyə şahidlik etməyə hazırlaşır. Mediamızın qonağı olan 6 dəfə dünya və 2 dəfə Avropa çempionu, Əlbayaxa Döyüş Nümayəndəliyinin rəhbəri və Daxili İşlər Nazirliyinin Nəsimi RMİ-nin idman üzrə baş təlimatçısı Səməd İbrahimov ölkəmizdə idmanın inkişafı ilə bağlı vacib açıqlamalar verdi. O, xüsusilə, işğaldan azad olunmuş ərazilərdə idmanın inkişaf etdirilməsi və gənclərin bu sahədə fəaliyyətini stimullaşdırmaq məqsədilə Xankəndidə XanYaşma Döyüş Klubunun açılacağını vurğuladı.
Səməd İbrahimov bildirdi ki, ölkə rəhbərimiz, Prezident İlham Əliyevin idmana olan qayğısı və dəstəyi sayəsində Azərbaycanın bütün bölgələrində idmanın inkişafına xüsusi önəm verilir. Bu qayğının bir nümunəsi olaraq, işğaldan azad olunmuş torpaqlarımızda da yeni idman mərkəzlərinin açılması, yerli gənclərin idmana yönləndirilməsi, həmçinin Respublika çempionatlarının təşkil olunması planlaşdırılır. “Biz istəyirik ki, dünya birliyi hər zaman Azərbaycanın gücünü, Prezidentimizin qətiyyətini və xalqımızın birliyini görsün” – deyə, çempion qeyd edib.
Səməd İbrahimov açıq şəkildə vurğuladı ki, bu torpaqların azadlığı uğrunda canını fəda edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyir. O, xüsusi olaraq 052 əməkdaşı olan tələbəsi, dəfələrlə dünya və Avropa çempionu olmuş, 7 il boyunca onun rəhbərliyi altında məşq edən Əli İsgəndərov haqqında danışaraq bildirdi ki, yeni açılacaq XanYaşma Döyüş Klubunun direktoru və baş məşqçisi məhz o olacaq.
İdmançının sözlərinə görə, Əli İsgəndərov olduqca istedadlı, mədəni və vətənpərvər bir insandır. O, həmişə böyük-kiçik yerini bilən, milli-mənəvi dəyərlərimizə sadiq bir idmançıdır. “Əli hər zaman vurğulayır ki, biz Prezidentimiz və xalqımız üçün çalışmalıyıq, dövlətimizi güclü tutmalıyıq ki, düşmən ölkələr bizə güc gələ bilməsin,” – deyə Səməd İbrahimov bildirib.
Yeni klubun açılışı ilə yanaşı, dekabr ayında ölkə başçısının doğum gününə həsr olunmuş “Xan Qayıtdı” adlı möhtəşəm bir turnirin keçirilməsi də planlaşdırılır. Turnirin adı "Xan dedi və Xan da qayıtdı” ifadəsindən ilhamlanaraq seçilib və bu, Azərbaycan xalqının Xankəndiyə böyük qayıdışını simvolizə edir. Bu turnir çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən və xaricdən idmançılar dəvət olunacaq, döyüş sənətləri nümayiş etdiriləcək və yeni çempionların yetişdirilməsinə töhfə veriləcək.
Səməd İbrahimov eyni zamanda, uzun illər ərzində dövlət tərəfindən və valideynlərindən sonra ona ən çox dəstək olan şəxs kimi idarə rəisi Nazim Həsənova təşəkkürünü bildirib. “Həmişə yanımda olan və mənə dəstək verən Nazim müəllimə dərin minnətdarlığımı bildirirəm,” – deyə idmançı qeyd edib.
Açılış tədbiri 2025-ci ilin mart ayında baş tutacaq. Bu möhtəşəm günə Əlbayaxa Döyüş Nümayəndəliyinin vitse-prezidenti, dünya və Avropa çempionu Vüsal İbrahimov, eləcə də nümayəndəliyin baş katibi Azər Şabanov (Azər Axşam) qatılacaq. Onlar Əli İsgəndərovu təbrik edəcək və ona uğurlar arzulayacaqlar.
Bu yeni idman mərkəzinin Xankəndidə açılması Azərbaycan idmanının inkişafı üçün mühüm bir addımdır. Klubun yaradılması ilə gənclərin döyüş sənətinə marağı artacaq, yeni çempionlar yetişəcək və Azərbaycan döyüş idmanı daha da yüksələcək. Bu təşəbbüs, eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında həyatın bərpa olunmasının və inkişaf etdirilməsinin bir nümunəsidir.
Yeni döyüş klubunun uğurlu olmasını və Azərbaycan idmanına böyük töhfələr verməsini arzu edirik!
Orxan Rzazadə


Ən çox oxunanlar
Son xəbərlər