Övladına ayda 5 min xərcləyən müğənnicik...
Baxılıb: 581 Tarix: 20-06-2024 12:58
Azərbaycanda Nərmin Əhməd adlı müğənninin olduğunu, doğrusu, biri yaş yarım, digəri 5 yaşında olan iki övladına ayda 5 min, özünə isə 10 min manat xərclədiyi haqda hansısa kanalda danışmasından sonra xəbər tutdum. Yutubda axtarış edib, ifasını da tapdım və təbii, təxmin etdiyim kimi də oldu: səs – sıfır, ifa – sıfrın altında, performans – mənfi sonsuzluq...
Bu şəxs deyir ki, iki kiçik övladının və özünün “şoppinqsiz”, yəni ən minimum aylıq xərci 15 min manatdır. Yaş yarımlıq övladı qızıl suyu içib, qızıl pampersə batırsa belə onun aylıq xərci 5 min manat edə bilməz – bu heç! Məsələnin mahiyyəti başqadır!
Bu adamların pul haqqında təsəvvürləri, düşüncələri yoxdur: bu ölkədə minimal və yaxud orta aylıq, yainki maksimum maaşın nə qədər olduğunu, yaşam şərtlərini bilmirlər və belələri az deyil. Qanunsuz yollarla külli miqdarda qazanc əldə edənlərin pula münasibəti qətiyyən adekvat olmayıb – ayı kəsdirib yemək, arvadı və qızı ilə - cəmi 3 nəfərə Antalyada məşhur restoranı – 200 nəfərlik zalı bağladıb, şam süfrəsinə əyləşmək ancaq belələrinin ağlına gələ bilər. Çünki o vəsaiti alın təri ilə qazanmırlar, zəhmət çəkmirlər. Bezos, Qeyts, ya Mask, lap elə Nisanovun bu qədər əxlaqsızcasına pul xərcləməsi ilə gündəmə gəldiyini gördünüzmü?
Mask milyardlarını kosmosun fəthinə xərcləyir, Qeyts ildə onmilyonlarla dollar ianə edir... Qeytsin gündəlik geydiyi pencəyi yəqin ki, Nərmin Əhməd yalnız yaş yarımlıq övladı üçün pampers əvəzi də işlətməz.
Bir müddət əvvəl Türkiyənin yaxın tarixdə ən məşhur milyarderi olan Mehmet Əmin Qaramehmet bir supermarketdə bazarlıq edərkən fotojurnalistlərin kameralarına tuş gəlmişdi. Bu, o Mehmet Əmindir ki, 2000-ci illərdə dünyanın ən varlı 29-cu şəxsi olub, sərvəti 8 milyardın üstündə qiymətləndirilib. Sonra iqtisadi böhran səbəbindən şirkətlərinə əl qoyulub.
Media araşdırma aparmışdı və bəlli olmuşdu ki, “kasıblayan”, “sərvəti əlindən çıxan” Qaramehmetin hazırda varidatı 1 milyard dolların üzərindədir. Ancaq adam supermarketdən özü bazarlıq edir.
Onun ən məşhur şirkətlərə başçılıq etdiyi dövrdə də yanacağa qənaət edən maşından istifadə etdiyi bildirilir. Amma bacardıqca ianələr edib, indi də edir – sərvətindən kasıbların da pay almasını istəyir.
Çünki böyük şirkətlərini özü qurmuşdu, özü yaratmışdı, milyardlara alın təri ilə sahib olmuşdu – indi də sakit şəkildə həyatına davam edir.
Çünki adam kimi adamdır, dünyanı dərk edir, intellekti, savadı, zadəganlığı var.
Yalnız təsadüfən, layiq olmadığı halda böyük sərvət ələ keçirənlər öz xalqına bu cür yalan, şişirtmə dolu “göstəri” verə bilər. Çünki onun yaşam düşüncəsi budur: istedad yox, qabiliyyət yox, savad, intellekt yox! Bəs, nə ilə “fərqlənsin”, özünü necə ifadə etsin?
Yalnız pulla, pulunun çoxluğu, xərcləri, mindiyi maşın, bahalı həyat tərzi ilə özünü ifadə etməkdən başqa bir düşüncəsi ola bilməz belələrinin!
Yeri gəlmişkən, ayı yeyənin harada olduğunu kimsə bilmir; heç arvadı və qızı ilə bir şam yeməyinə 100 min avro ödəyən məmuru da xatırlayan yoxdur – səhv etmirəmsə, indi kirayədə qalır.
Amma Qaramehmet yenə böyük sərvət sahibidir; Qeyts və Mask isə ildən-ilə sərvətlərini artırırlar..
Ən çox oxunanlar
Son xəbərlər