Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bişkekdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan konsert keçirildi - Fotolar

Baxılıb: 664     Tarix: 24-04-2025 10:31   

Məlum olduğu kimi, bu il dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, akademik Üzeyir Hacıbəylinin (1885-1948) anadan olmasının 140 illiyidir.
Azərbaycan Prezidenti İlham Əliyev 3 fevral 2025-ci il tarixində böyük musiqi xadiminin yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında Sərəncam imzalayıb.
Qanunvehedef.az xəbər verir ki, musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan Üzeyir Hacıbəylinin yubileyi ilə bağlı ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif tədbirlər keçirilir.
Dahi musiqiçinin 140 illiyi 20-25 aprel tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə təşkil edilən Azərbaycan Mədəniyyəti Günlərində də unudulmayıb.
Aprelin 23-də A.Cumaxmatov adına Qırğızıstan Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan incəsənət ustalarının Üzeyir bəyin 140 illiyinə həsr olunmuş konsert keçirilib.
Abdılas Maldıbaev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında gerçəkləşən konsertdə orkestri beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edib.  
Konsert proqramı Üzeyir bəyin “Koroğlu” operasından “Uvertüra” ilə başlayıb. Sonra solist Səidə Tağızadə (piano) Fikrət Əmirov və Elmira Nəzirovanın “Fortepiano və orkestr üçün konsert” əsərini ifa edib. Orkestrin ifasında Niyazinin "Vals"ı və Qara Qarayevin “Yeddi gözəl” baletindən “Yürüş” və “Vals” gecəyə ayrıca rəng qatıb.
Əməkdar artistlər Nərgiz Kərimova (vokal) Üzeyir Hacıbəyli “Arşın mal alan”  operettasından “Gülçöhrənin ariyası”nı, Xəyyam Mustafazadə (vokal) “Sevgili canan” romansını ifa ediblər.
Müslüm Maqomayevin (baba) "Nərgiz" operasından “Nərgizin ariyası” Fatimə Cəfərzadənin ifasında səslənib.
Konsertdə görkəmli qırğız bəstəkarı Kalıy Moldobasanovun “Əmək rəqsi” də orkestr tərəfindən məharətlə ifa olunub.
Fikrət Əmirovun “Azərbaycan kapricciosu” isə ana yurdumuza məhəbbət və rəğbətin himni kimi könülləri oxşayıb.
Gecəyə qırğız sənətçilər də öz töhfələrini veriblər. Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının solistləri Samira Mamatova və Murat Dervişaliyev “Arşın mal alan” operettasından  “Telli ilə Vəlinin dueti”ni ifa ediblər.                            
Türk-müsəlman dünyasının fəxri olan Üzeyir Hacıbəyli soraqlı musiqi axşamı Xəyyam Mustafazadənin ifasında böyük müğənni və bəstəkar Müslüm Maqomayevin “Odlar yurdu” mahnısı ilə başa çatıb.
Bütün ifalar qırğız musiqisevərləri tərəfindən böyük alqışlarla qarşılanıb.
Konsert proqramı unudulmaz bəstəkar Üzeyir bəyin mədəniyyətimiz qarşısında misilsiz xidmətlərinə minnətdarlıq duyğusu kimi qəbul olunub, onun 140 illiyinə qiymətli sənət töhfəsitək yaddaşlara yazılıb.







Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar