Uşaq Vərəm Xəstəxanası fəaliyyətə başladı - Fotolar
Baxılıb: 625 Tarix: 18-08-2025 12:30

Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində yeni Uşaq Vərəm Xəstəxanası fəaliyyətə başlayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, xəstəxana əvvəllər digər təyinatlar üzrə istifadə edilən binalardan birində restrukturzasiya işlərinin aparılması, infrastrukturun tamamilə yenilənməsi və sahəyə uyğunlaşdırılması yolu ilə yenidən təşkil olunub.
Uşaq əhalisinə müasir standartlara cavab verən səhiyyə və təhsil xidmətlərinin göstərilməsi məqsədilə yenidən formalaşdırılan Uşaq Vərəm Xəstəxanasında xidmətin təşkili üçün bütün zəruri imkanlar var. Tibb müəssisəsində vərəmə yoluxmuş və ya bu xəstəliyə şübhəli bilinən uşaqların müayinəsi, diaqnostikası, fərdi müalicə planları əsasında stasionar şəraitdə müalicəsi və təhsilini davam etdirməklə cəmiyyətə reinteqrasiyası təmin edilir.
Ümumi sahəsi 2800 kvadratmetr olan xəstəxana kompleksi 3 mərtəbəli inzibati binanı və 45 çarpayılıq stasionar bölməni əhatə edir. Burada müasir tibbi avadanlıqlarla təchiz olunmuş reanimasiya və intensiv terapiya şöbəsi, ambulator xidmət otaqları, laborator və instrumental diaqnostika bölmələri və müxtəlif köməkçi sahələr fəaliyyət göstərir.
Uşaqların təhsildən geri qalmamaları üçün sanitariya və təhsil normalarına uyğun tədris imkanları olan xüsusi sinif otaqları yaradılıb. Təhsil xəstəxananın təhkim olunduğu tam orta məktəbin müəllimləri tərəfindən tədris olunur və bu, müalicə prosesində olan uşaqların təhsilinin davamlılığını təmin edir.
İnzibati binada işin səmərəli təşkili üçün yüksək sürətli internet və müasir kompüter avadanlıqları ilə təchiz olunmuş elektron idarəetmə sistemi qurulub. Bu sistem vətəndaşların tibbi xidmətlərə daha operativ və rahat çıxışını mümkün edir.
Xəstəxanada həmçinin bufet-yeməkxana, təsərrüfat və texniki dəstək bölmələri, qazanxana, camaşırxana, anbar sahələri və digər yardımçı infrastrukturlar fəaliyyət göstərir.
Yaradılmış yeni infrastruktur uşaqlarda vərəm xəstəliyinin erkən aşkarlanması və effektiv müalicəsinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır və ölkədə uşaq vərəmi ilə mübarizədə mühüm mərhələ hesab olunur.




Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər