Naxçıvanın muxtariyyəti ləğv edilə bilər? - AÇIQLAMA
Baxılıb: 668 Tarix: 22-02-2024 12:42
"Konstitusiyada dəyişiklik etmək üçün referendum keçirilməlidir. Referendumsuz belə dəyişikliklər həyata keçirilə bilməz".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, Naxçıvanın muxtariyyətinin ləğvi və ya saxlanılmasına gəlincə, məsələ ciddi şəkildə müzakirə olunmalıdır:
"Bu məsələnin siyasi və hüquqi tərəflərinə baxmalıyıq. Qars müqaviləsinə görə, Naxçıvanın statusu ilə bağlı məsələnin bütün detalları müzakirə edilməlidir. İndiki mərhələdə muxtariyyət statusu Kərki məsələsində üstünlük olaraq təqdim edilə bilər. Onu Azərbaycanın ayrıca anklavı kimi yox, beynəlxalq müqavilədə nəzərdə tutulan ərazi kimi təqdim edə bilərik. Naxçıvanın Qars və Moskva müqavilələrilə təsdiq olunmuş ərazisinin bir parçasının işğal altında olmasını əsas götürüb, ona zəmanət verən dövlətlərlə birlikdə Azərbaycana qaytarılması məsələsi kimi baxa bilərik. Yəni, Azərbaycanın işğalda olan digər anklavlarından fərqli olaraq, Kərki məsələsini spesifik beynəlxalq müqavilənin tərkib hissəsi kimi qiymətləndirmək imkanına sahibik. Məsələyə bu cür baxılsa, indiki mərhələdə muxtariyyətin mövcud olması amilindən istifadə etmək mümkündür".
Deputat sözügedən mövzunun ciddi müzakirələr tələb etdiyini deyir:
"Bu məsələnin bütün hüquqi və siyasi aspektlərinə baxılmalıdır. Konstitusiya dəyişiklikləri bütün hallarda referendumda öz təsdiqini tapmalıdır".
Qeyd edək ki, son zamanlar Naxçıvanın muxtariyyətinin ləğvi məsələsi aktuallaşır. Bəzi ekspertlər hesab edirlər ki, vaxtilə, Naxçıvana yüksək status verməklə Qarabağdakı ermənilərə onlara da belə status verilə biləcəyi mesajı verilirdi. Hazırda isə belə bir problem yoxdur. Qarabağ problemi artıq öz həllini tapıb.
ARAYIŞ: Bölgənin muxtariyyət statusu 1921-ci il Qars müqaviləsi ilə təmin olunur və həmin müqavilə hələ qüvvədədir. Qars müqaviləsi 1921-ci ilin sentyabr ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanıb. Müqavilə 1922-ci il sentyabr ayının 11-də qüvvəyə minib və bitmə müddəti müəyyənləşdirilməyib.
Müqavilənin preambluasında göstərilir ki, bir tərəfdə Ermənistan Sosialist Sovet Respublikası, Azərbaycan Sosialist Sovet Respublikası və Gürcüstan Sosialist Sovet Respublikası hökumətləri, o biri tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti millətlərin qardaşlığına və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə şərik çıxan, hər iki tərəfin qarşılıqlı maraqlarına əsaslanan daimi səmimi qarşılıqlı münasibətlərdən və fasiləsiz səmimi dostluq qurmaq istəyindən ruhlanaraq Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilə dostluq haqqında müqavilə bağlamaq qərarına gəlib.
Rusiya, Türkiyə və Zaqafqaziya respublikaları arasında sərhədləri müəyyənləşdirən, ərazi mübahisələrini həll edən həmin müqavilənin 5-ci bəndində belə deyilir: "Türkiyə hökuməti və Sovet Ermənistanı və Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi yaradır".
Qars müqaviləsində Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusuna malik olması barədə bənd yer alsa da, həmin sənəddə muxtariyyətin hüdudları barədə heç nə deyilmir. Bununla belə, beynəlxalq hüququn norma və prinsiplərinə görə həmin müqavilə Naxçıvanın muxtariyyətinin birtərəfli qaydada ləğv edilməsinə imkan vermir. Bunun üçün Türkiyənin razılığı və iştirakı olmalıdır. Beynəlxalq hüquqa görə, Qars müqaviləsi Türkiyənin Naxçıvan üzərində qarantor ölkə statusunu təmin edir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər