Vüqar Bayramov: Dövlət sektorunda çalışan çox, qeyri-dövlətdəki daha az vergi ödəyir
Baxılıb: 297 Tarix: 02-04-2024 10:56
“Sosial haqlar həm də pensiya kapitalı formalaşdırır. Biz bu gün sosial haqlardan azad etdiyimiz insanların pensiya kapitalında azad olunan sosial məbləği kompensasiya etmiriksə, avtomatik olaraq onlar pensiyaya çıxanda daha aşağı pensiya alacaqlar”.
Qanunvehedef.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, vergidən azadolmalar müsbət haldır: “Biz qeyri-neft və qeyri-dövlət sektorunda çalışanları gəlir vergisindən azad etmişik. Eyni zamanda dövlət və neft sektorunda çalışanlar gəlir vergisinə cəlb olunub. Məsələn, həm dövlət, həm də qeyri-dövlət səhiyyə müəssisəsi var. Qeyri-dövlət səhiyyə müəssisəsi vergidən azaddır, amma dövlət səhiyyə müəssisəsi vergidən azad deyil. Bu, müəssisələr arasındakı rəqabəti pozur. Dövlət sektorunda çalışan daha çox, qeyri-dövlətdə çalışan isə daha az vergi ödəyir. Bu, ixtisaslı kadrların cəlb edilməsində çətinlik yaradır. Ona görə də vergidən azadolmalara yenidən baxılması vacibdir. Vergidən azadolmalar mülkiyyət növündən asılı olmayaraq heç bir sektorda rəqabəti pozmalı deyil”.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə cavab olaraq qeyd edib ki, özəl səhiyyə müəssisəsi ilə dövlət səhiyyə müəssisəsi arasında xərclər çox fərqlidir: “Dövlət səhiyyə müəssisəsinin yenilənməsi, təmiri, avadanlıqların alınması, eləcə də işçilərin əməkhaqqını dövlət qarşılayır. Amma özəl məcburdur bunu özü etsin. Ona görə bu kifayət qədər ədalətlidir. Özəl sektorun inkişafı üçün dövlət dəstəyi olmalıdır. Vergidən azadolmalar da bu dəstəyin bir növüdür”.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər