Gəncə hadisələrinə görə həbs edilən daha bir qrup şəxsə cəza istənilib
Baxılıb: 513 Tarix: 06-09-2019 11:47
Gəncə hadisələrinə görə həbs edilən Emil Məmmədov, Bəkrəm Əliyev, Həbib Qurbanov, Mirzə Hüseynov, Asif Cavadov, Şahin Verdiyev, Elmir Hüseynzadə və Vüqar Yusifovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın məlumatına görə, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında 8 nəfərdən 6-nın üzərindən Cinayət Məcəlləsinin 29.120 (qəsdən adam öldürməyə cəhd) maddəsinin götürülməsini təklif edib. O, təqsirləndirilən şəxslərdən ikisinin üzərində istintaq vaxtı ittiham verilmiş bütün maddələrin saxlanmasını istəyib.
Həmin təqsirləndirilən şəxslərdən də Bəkrəm Əliyevə 16, Həbib Qurbanova isə 15 il həbs cəzası verilməsini, bu cəzaların da ciddi rejimli müəssisədə çəkilməsini təklif edib.
Digər təqsirləndirilən şəxslərin isə Cinayət Məcəlləsinin 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cəzalandırılmasını istəyən prokuror Mirzə Hüseynova 8 il, Asif Cavadov və Elmir Hüseynzadəyə 7 il, Şahin Verdiyev və Vüqar Yusifova 6 il, Emil Məmmədova isə 5 il həbs cəzası verilməsini təklif edib. Dövlət ittihamçısı hesab edir ki, 16 yaşlı E.Məmmədov cəzasını yetkinlik yaşına çatmayan məhkumların saxlandığı tərbiyə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışına hazırlaşmaqdan ötrü məhkəmədən vaxt istəyib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.
Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.
Ən çox oxunanlar
Son xəbərlər