Bu ərazilər azad edildi - Nazir açıqladı
Baxılıb: 536 Tarix: 21-06-2018 12:30
Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə cəbhədəki uğurlarımızla qədəm qoyuruq.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində məzunların buraxılışına həsr olunmuş tədbirdə deyib.
Nazir qeyd edib ki, qarşıdan çox tarixi bir gün - Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi gəlir:
"Biz bu 100 illiyə yüksək göstəricilərlə qədəm qoyuruq, cəbhədəki uğurlarımızla gəlirik. 2016-cı ilin aprelində düşmənə, onun təxribatına layiqli cavab verdik. Bir neçə gün bundan əvvəl isə Naxçıvan istiqamətində əməliyyat aparıldı, 11 min hektar ərazi azad edildi".
Z.Həsənov bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə orduda aparılan islahatlar nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünya miqyasında güclü ordular sırasındadır:
"Hər bir ordunun gücünün əsas göstəricilərindən biri onun zabit heyətinin peşəkarlığı və vətənpərvərliyidir. Bu gün Azərbaycan Ordusunda yüksək peşəkar zabitlərin hazırlanması üçün bütün şərait yaradılıb. Ali Hərbi Məktəbin, Silahlı Qüvvələrin Hərbi Akademiyasının bazaları təmir olunub, bütün yüksək səviyyəli avadanlıq, silah və texnika ilə təchiz olunub. Bu gün hərbi hissələrdə xidmət edən zabitlərin hazırlığını komandirlər yüksək qiymətləndirir. Zabitlərin sosial bazasının gücləndirilməsi üçün cənab Prezident yeni fərmanlar imzalayır və qərarlar qəbul edir. Bildiyiniz kimi, bu il zabitlərin maaşı da 10 faiz artdı".
General-polkovnik deyib ki, zabitlərin xidməti və daimi mənzillə təminatı Ali Baş Komandanın diqqətindədir: "Bu illər ərzində yüzlərlə mənzil zabitlərin istifadəsinə verilib. Bir neçə gündən sonra 500-ə yaxın zabit daimi mənzillə təmin olunacaq. Hazırda aparıcı orduların təhsil sistemləri ilə də əlaqə yaradırıq və bunu öz təlimlərimizdə istifadə edirik. Xüsusilə qeyd etmək istəyirəm ki, qardaş Türkiyənin imkanlarından geniş istifadə edirik".
Qeyd edək ki, 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli hədlər ələ keçirilib.
Ən çox oxunanlar
Son xəbərlər