Həsən Dəmirçi Bakıda belə anıldı - Foto
Baxılıb: 594 Tarix: 28-06-2018 17:30
Bakıda Azərbaycanda yaşayan güneyli mühacirlərin təşəbbüsü və təşkilatçılığı ilə tanınmış musiqisi, ictimai xadim Həsən Dəmirçinin anım mərasimi keçirilib.
Kult.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbiri Dünya Azərbaycanlıları Konqresinin (DAK) Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı açıb. Həsən Dəmirçinin həyat və yaradıcılığı barədə məlumat verən natiq bildirib ki, H.Dəmirçi Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması uğrunda həmişə mədəni və sivil formada mübarizə aparıb.
Tədbirdə çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı Həsən Dəmirçinin ölümünün Arazın hər iki tayındakı azərbaycanlılar üçün böyük itki olduğunu bildirib:
“Güney Azərbaycanın səsi, böyük ziyalısı olan Həsən bəy milli fəaliyyəti, yaratdığı əsərləri ilə daima yaşayacaq. O, Güney Azərbaycanın milli haqları, ana dili tələbinə görə dəfələrlə zindan həyatı yaşayıb, ev həbsində olub, təqib və təziyqlərə məruz qalıb. Yolundan və əqidəsindən dönməyib”.
Tədbirdə həmçinin AMEA-nın əməkdaşları - professor Bayram Səmədzadə, Yasəmən Qaraqoyunlu, Güney Azərbaycan Konqresinin (GAK) sədri Abdulla Əmir Haşimi Cavanşir, güneyli yazıçı Sayman Aruz, “Borçalı” Cəmiyyətinin İdarə Heyətinin üzvü Rüfət Muradlı çıxış edərək mərhum ustadla bağlı xatirələrini bölüşüblər.
Sonda Həsən Dəmirçi ilə bağlı hazırlanmış film nümayiş etdirilib.
Qeyd edək ki, H.Dəmirçi (Həsən Azərbaycan) 1941-ci ildə Təbrizdə anadan olub. O, şair, yazıçı və musiqi ustadı kimi bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr edib. Azərbaycan xalqı bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verib. Azərbaycanın klassik və muğam musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub. O, Azərbaycan muğamı barədə bir neçə, o cümlədən “Muğam: öyrəncilər üçün” kitabın müəllifidir.
H.Dəmirçi bu il iyunun 24-də Təbrizin “Alinəsəb” Xəstəxanasında vəfat edib.
Ən çox oxunanlar
Son xəbərlər