Dünyanı idarə edən iki hiss – 20 qəpik və “bəyən”
Baxılıb: 551 Tarix: 17-08-2018 09:18
Bəzi “peşə” sahibləri var ki, çox cüzi zəhmət qarşılığında, ya da heç bir əmək sərf etmədən pul qazanırlar. Falçıları misal çəkməklə sözə başlamaq olardı, ancaq risk etmirəm. Çünki mavi ekranların bəzəyinə çevrilmiş, nüfuzlu arxa duranı, qoruyanı olan bu məşhur falçıların qəzəbinə tuş gəlmək istəmirəm.
Elə canımdakı bu qorxunu rəhbər tutaraq, dilənçilərə sözü gətirirəm. Ancaq onlara sataşmaq, barələrində pis söz danışmaq fikrim yoxdur.
Bir falçı pul qazanmaq üçün kimisə aldadırsa, dilənçinin buna ehtiyacı yoxdur, sadəcə yolda dayanır, əlini açır, vəssalam! Həm də bu işin bir əyləncəli tərəfi də var: gün ərzində yüzlərlə, bəlkə də minlərlə üz görürlər.
Dilənçilər heç kimi məcbur etmirlər ki, kimsə ovuclarına pul sıxışdırsın. Bu adamların, məsələn, Feysbuk sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqdən mahiyyət olaraq bir fərqləri yoxdur. O da insan ehtiyacı üzərindən pul qazanır, dilənçilər də eyni sistemlə işləyir.
Bax, elə bu məqamda türklər demiş, dananın quyruğunun qopduğu məsələyə gəlirik. Mark Zukerberq tərəddüdsüz bütün insanlarda mövcud olan “bəyənilmək” ehtiyacı üzərindən Feysbuk adlı qızıl yumurtlayan toyuq yaratdı, hamı da bu ehtiyacını ödəmək üçün Markın toyuq hininə qonaq gəldi.
Lakin dilənçilər ta qədim zamanlarda olduğu kimi, hələ də insanların ümid anlayışı üzərindən qarınlarını doyururlar. Bu ümid nəyədir, nədən ibarətdir?
İnsanlar dilənçinin ovcuna atdıqları qəpik-quruşlarda öz daxili hesablaşmalarına son qoyub, yaxşı insan olduqlarına inamı təzələyirlər, bəlkə də cənnət xülyası gizlidir bu xırda qəpiklərdə, ya da Allaha rüşvət vermək istəyirlər ki, əvəzində ümid alsınlar. Bu ümid onları yaşadır, bütün günahlarını unutdurur, yeni günahlara şans yaradır və daha nə fürsətlər gətirir...
Yani bu qədər mənəvi, vicdani proseslərdən xilas olmağın qiyməti iyirmi-otuz qəpikdir: bir dilənçiyə verirsən və o an dünyanın ən müqəddəs insanına çevrilirsən.
Lakin bəyənilmək hissini ümidlə müqayisədə daha “şeytani” adlandırmaq olar. Di gəl ki, qiyməti bahadır. Ən azı bu ehtiyacını ödəmək üçün mobil telefonun olmalıdır, ya da kompüter almalısan ki, Mark qardaş səni adamlara bəyəndirsin.
Kütlə, cəmiyyət, xalq, bütün dünya insanları bu iki seçim arasında insan mahiyyətinin necə acınacaqlı bir halda olduğunu qeyri-ixtiyari ifşa etməkdədir. Bu vəziyyəti anladıqdan sonra, axşama kimi dilənən, gecə yığdığı pulları “müdir”inə təhvil verib haqqını alan, xarici avtomobilə əyləşdirilib evinə yola salınan hansı dilənçini tənqid etmək olar?!
Ən çox oxunanlar
Son xəbərlər