Xəzər rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “14 iyul 1969-cu il – Tərəqqi yolunun başlanğıcı” adlı dəyirmi masa keçirildi
Baxılıb: 827 Tarix: 16-07-2025 11:15

Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Aydın Hüseynov, Gülşən Paşayeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri və əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər.
Ulu öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov bildirdi ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.
Daha sonra Milli Məclisin deputatları Aydın Hüseynov, Gülşən Paşayeva, geniş məruzə nitqi ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayıb, 14 iyul xalqımızın tarixi taleyində oynadığı misilsiz rolunu qeyd ediblər. 14 iyul 1969-cu il Ulu Öndərin Azərbaycanda siyasi olimpə yüksəldiyi gündür. Onlar bildiriblər ki, dahi şəxsiyyət Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-cu ilin iyunundan 2003-cü il oktyabrınadək Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir. İstər Sovetlər Birliyi, istərsə də Mustəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət Heydər Əliyevin mubarizə devizi və həyat idealı olmuşdur. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı.
Daha sonra çıxış edən digər natiqlər – Namiq Əhmədov, Təvəkkül Səlimov və Həzərxan Əbilov Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından ətraflı məlumat verdilər. Həmçinin Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər gördüyündən bəhs edərək əlavə etdilər ki, “Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır və İlham Əliyev təkcə Prezident kimi deyil, həm də bir oğul kimi də öz üzərinə böyük məsuliyyət götürərək həm ata vəsiyyətini, həm də Prezident andını yerinə yetirdi.”
Qəni Hüsynov


Ən çox oxunanlar
Son xəbərlər