Narkoman sürücüləri işə kim alır? – Ekspertdən SOS
Baxılıb: 539 Tarix: 23-10-2018 17:24
Artıq avtobus sürücüləri ilə bağlı həyəcan təbili çalmağın vaxtıdır. Ciddi nəzarət mexanizmi ortaya qoyulmalıdır. Çünki son 4 ayda təxminən 4-5 narkoman avtobus sürücüsü aşkar edilib. Bu hələ baş verən qəzalardan sonra üzə çıxanlardır. Təsəvvür edin ki, bunların üzə çıxmayanları nə qədərdir.
Bu sözlər nəqliyyat eksperti, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı son günlər davamlı olaraq piyada və sərnişin ölümü ilə nəticələnən avtobus qəzaları, bu qəzalara səbəb olan narkoman sürücülər barədə danışarkən bildirib.
E.Muradlı deyib ki, bu gün avtobus sükanı arxasında sərxoş, narkotik maddə istifadə edən, psixoloji cəhətdən gərgin, bəlkə də ruhi əsəb dispanserində qeydiyyatda olan insanlar var:
“Bu insanları daşıyıcı şirkətlər özləri işə götürür, onlara şərait yaradır, hətta yeri gələndə, onları qoruyur, gizlədir, işdə saxlayırlar. Çünki həmin insanlar qəpik-quruşa da işləməyə razı olurlar.
“D” kateqoriyası olan normal avtobus sürücü normal maaş qarşılığında işləyir. Ancaq bu cür insanlar heç bir yerdə işə düzələ bilmədiklərinə görə nə iş olsa, razılaşıb ən aşağı maaşa da qane olub işləyirlər. Hətta bəzi avtobus sürücüləri elələrini özlərinə köməkçi də götürür və günün müəyyən saatlarında özləri dincələrkən həmin şəxslərə avtobus etibar edirlər”.
Ekspert vurğulayıb ki, Bakı Nəqliyyat Agentliyi bununla bağlı davamlı reydlər keçirməli, tədbirlər görməlidir. İnsan ölümü ilə nəticələnən qəzalara “biz xəbərdarlıq etdik, onlar icra etmədi” üslubunda yanaşma yolverilməzdir:
“BNA dövlət qurumudur, bu sahəyə məsuldur. Əgər bu özbaşınalığı durdurmağa səlahiyyəti çatmırsa, onda əlavə səlahiyyət istəməlidir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi niyə normal dispetçer mərkəzi qura bilmir? Əllərində ola-ola niyə intellektual idarəetmə sistemindən istifadə etmirlər? Ümumiyyətlə, bu İntellektual İdarəetmə Mərkəzi haradadır, nə işlə məşğuldur? Bunların kamera sistemi haradadır? Bəs bütün avtobuslara kamera qoyulmuşdu ki, sürücülərə nəzarət edəcəklər. Niyə bu kameralara baxış keçirib yoxlamırlar ki, sükan arxasındakı sürücü neçə saat fasiləsiz işləyir və ya sürücü bir neçə saatdan sonra yoxa çıxır, onun əvəzinə heç sürücülük vəsiqəsi olmayan başqa biri oturub avtobusu idarə edir.
Bakı Nəqliyyat Agentliyi bu gün ancaq ümumi məlumatlar yaymaqla işini bitmiş sayır. “Bunu edəcəyik”, “Bu tədbirləri görəcəyik” kimi vədlər iş olmaz. Sonra da açıqlama verirlər ki, biz tapşırıq verdik, icra etmədilər. İcra etmirlərsə, cəza tədbirinin görülməsi üçün addımlar atılmalı, hüquq-mühafizə orqanlarına müraciət edilməlidir”.
E.Muradlı bildirib ki, tez-tez işdən çıxarılan sürücüləri yenisi ilə əvəz etmək üçün BNA elan verir. Ancaq belə məqamlarda sürücünü axtarmaq yox, xüsusilə seçmək lazımdır:
“Hər ay elan verirlər ki, sürücü axtarılır. Qayda pozan sürücünü işdən çıxarırlar, sonra yerinə sürücü tapa bilmirlər.
Avtobusu idarə etmək üçün sürücünü o şəkildə axtarmaq lazım deyil. Əvvəlcə “D” kateqoriyalı insanları tapmaq, onlarla söhbət aparmaq, görüş keçirmək, onları işə dəvət edib bir müddət təcrübə keçmək, sonra işə qəbul etmək lazımdır. Hər “D” kateqoriyalı sürücüyə avtobus etibar etmək olmaz”.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova isə bildirib ki, sürücünün işə cəlb edilməsi birbaşa olaraq daşıyıcı şirkətin məsuliyyəti altındadır:
“İstər Bakı Nəqliyyat Agentliyi, istərsə də Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı şirkətlərlə təmsil olunur. Nazirlər Kabinetinin 141 saylı qərarı ilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı şirkətlərə, fərq etmir fiziki və ya hüquqi şəxs olsun, fərqlənmə və xüsusi fərqlənmə nişanı verir və ümumi nəzarəti təmin edir. Sürücünün işə cəlb edilməsi, onunla bağlı tələblər ancaq daşıyıcı şirkətə məxsusdur”.
N.Allahyarova bildirib ki, DANX şəhərlərarası daşımalarda DYP ilə birgə reydlər keçirir:
“Bu reydlərdə DANX maarifləndirmə funksiyasını həyata keçirir, bizim cəza vermək kimi bir səlahiyyətimiz yoxdur”.
Qeyd edək ki, 19 oktyabr tarixində 131 saylı marşrut piyada keçidində olan sürücünü vuraraq üzərindən keçib. İstintaq zamanı avtobusun sürücüsünün narkotik vasitələrdən istifadə etməsi müəyyən edilib.
Binə qəsəbəsində ölümlə nəticələnən qatarla avtobusun toqquşması qəzasından sonra da avtobusu idarə edən sürücünün narkotik maddə istifadəçisi olduğu məlum olmuşdu.
Ən çox oxunanlar
Son xəbərlər