Prezidentin hədəfi budur: 2030-cu ilə qədər... – Şərh
Baxılıb: 548 Tarix: 31-10-2018 14:00
Əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun azaldılması, demoqrafik proseslərin müsbət istiqamətdə inkişaf etməsi və regionların harmonik inkişafı cənab Prezidentin daxili siyasətinin əsas istiqamətlərindəndir. Məşğulluq bütün dünyada yoxsulluq səviyyəsinin aşağı düşməsinin ən vacib faktorlarından biridir.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev Prezident İlham Əliyevin “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamı barədə danışarkən deyib. Onun sözlərinə görə, son 15 il ərzində məşğulluq sahəsində kifayət qədər işlər görülüb:
“Prezidentin 2003-cü ildən qarşıya qoyduğu siyasətin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda insanların maddi rifahı yüksəlsin, yoxsulluq aşağı düşsün, hər kəs işlə təmin olunsun. 2003-cü ildən bu vaxta qədər ölkə ərazisində 2 milyondan çox yeni iş yeri açılıb. Onların da əksəriyyəti daimi iş yerləridir. Fikrimcə, bu, çox böyük bir nailiyyətdir. 15 il ərzində məşğulluqla bağlı görülən işlərin nəticəsi olaraq əhalinin işsizlik səviyyəsi 50 faizdən 5 faizə (təxmini 10 dəfə) enib. Bu da dünyada əhalinin məşğulluğunun təmin olunması üzrə ən yüksək göstəricilərdən biri sayılır”.
Millət vəkili bildirib ki, Azərbaycanda demoqrafik proseslər müsbət istiqamətdə davam etdiyi üçün iş yerlərinin sayının artırılması zərurəti yaranır:
“Ölkəmizdə hər il əhalinin sayı 100 min nəfər artır. Bu da hər il əmək bazarına 100 min yeni gəncin daxil olması deməkdir. Həm bu şəxsləri işlə təmin etməkdən ötrü, həm də bağlanan iş yerlərinin kompensasiyası məqsədilə Azərbaycanda ildə 130-140 min yeni iş yerinin açılması çox vacib məsələdir”.
M.Quliyev məşğulluq strategiyasında nəzərdə tutulan məsələlərdən də danışıb:
“Məşğulluq Strategiyasında planlı şəkildə, əvvəlcədən hər şey proqnozlaşdırılaraq, regionların işçi qüvvəsi, imkanları, əhalinin məşğulluq səviyyəsi, iş yerinin xüsusiyyətlərinə uyğun peşələrin olması və s. məsələlər öz əksini tapıb. İnsanların məşğulluğunun, layiqli həyat səviyyəsinin təmin olunması, əhaliyə yüksək əməkhaqqı verilən iş yerlərinin yaradılması dövlətin əsas vəzifələrindən biridir.
Prezident bu strategiyanı təsdiq etməklə 2030-cu ilə qədər Azərbaycanda yoxsulluğun tamamilə aradan qaldırılmasını şərtləndirən qərarı qəbul edib. Hesab edirəm ki, bu işlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılması da çox yerində bir qərardır. Çünki ƏƏSMN bu sahədə peşəkar qurumdur. ƏƏSMN-in iş yükü və sahələri kifayət qədər çoxdur. Nazirliyin yeni rəhbərliyinin özü də gəncdir. İnanıram ki, bu proqram sayəsində sosial müdafiə, məşğulluq, əmək münasibətləri sahəsində daha böyük nailiyyətlərə imza atılacaq. Nazirliyə yeni kadrların təyin olunması da bu vəzifələrin həyata keçirilməsi istiqamətində atılan addımlardan biridir.
Əhalinin məşğulluğunun təmin olunması ilə bağlı qanunun müddəlarında da qeyd olunub ki, məşğulluqla bağlı dövlət proqramları olmalı və müxtəlif sahələrdə insanların məşğulluğunun regionlar üzrə təmin olunması həyata keçirilməlidir”.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə əlaqələndirici orqan müəyyən edilib.
Ən çox oxunanlar
Son xəbərlər