Hamı onun "vurulduğunu" düşünürdü, o isə... – Mikayıl Cabbarov kimdir?
Baxılıb: 797 Tarix: 27-11-2018 15:52
Qanunvehedef.az bildirir ki, azxeber.com hər həftənin çərşənbə axşamı oxucuların görüşünə gələn "Məmur portreti" rubrikasını davam etdirir.
Rubrikada oxucular ölkənin idarə olunmasında yaxından iştirak edən, müxtəlif dövlət qurumlarına rəhbərlik edən məmurların fəaliyyəti və həyat yolundan xəbər tutacaqlar.
Rubrikanın növbəti qonağı Vergilər naziri Mikayıl Cabbarovdur.
Mikayıl Cabbarov kimdir?
Azərbaycan ictimaiyyətinin 2002-ci ildən yaxşı tanımağa başladığı və 26 yaşında yüksək vəzifəyə təyin edilən Mikayıl Cabbarov "Qız" bürcünün tipik nümayəndəsidir. Astroloqlar iddia edir ki, "Qız"lar məclislərdə özlərini kübar aparır, intellektual yarışlara və oyunlara meylli olurlar. Öz üzərində işləməyi və daimi mütaliə etməyi sevirlər. Mikayıl Cabbarovun avtobioqrafiyasına nəzər salsaq görərik ki, gənc nazir bütün bu keyfiyyətləri özündə birləşdirir.
Təhsil və karyera sevgisi onu okeanın o tayına aparır...
Mikayıl Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr, 1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq üzrə magistr dərəcələri alıb. Ardınca 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.
Dostlarının sözlərinə görə, M.Cabbarov hələ uşaq yaşlarından mütaliəyə, öz üzərində işləməyə həvəsli imiş. Məhz bu keyfiyyətləri onu həmyaşıdları ilə vaxt keçirməkdən yayındırarmış. Barmaqla sayılacaq dostu var imiş. Onlarla da əsasən intellektual müzakirələr aparırmış. Onun bir xəyalı da uzaq Amerikada təhsil almaq, çalışmaq olub. 21 yaşında bu arzusunu həyata keçirən gələcək nazir ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvü olmağa da nail olur. Lakin sonradan başa düşür ki, o öz ölkəsinə daha çox lazımdır və bu səbəbdən Azərbaycana dönmək qərarı verir.
Bakıda ilk işi bank sektorunda olur. 1995-ci ildə bu fəaliyyətə qədəm qoyan Mikayıl Cabbarov yeddi il müddətində müxtəlif bank və özəl şirkətlərdə hüquqşünas kimi fəaliyyət göstərir. Bu müddətdə həm maliyyə sektorunun incəliklərini mənimsəyir, həm də iqtisadiyyatla bağlı biliklərini artırır. Məhz bu fəaliyyət sonradan onu iqtisadi sahədə də ali təhsil almağa yönəldir. Hüquqşünas ixtisasının yanına iqtisadçı ixtisasını da artıran gələcək məmur bununla özünü bazar iqtisadiyyatı dövrünün peşəkar kadrına çevirməyi bacarır.
26 yaşda təkan götürür, 31 yaşında isə vəzifədən çıxır...
1976-cı il təvəllüdlü Mikayıl Cabbarov 2002-ci ildə cəmi 26 yaşında yüksək vəzifəyə təyin edilir. O zamankı İqtisadi İnkişaf naziri Fərhad Əliyevin müşaviri təyin edilən M.Cabbarovun səlahiyyətləri bir il sonra artırılır və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsinə təyinat alır. 2004-cü ildə isə İqtisadi İnkişaf nazirinin müavini olur. O dövr üçün, lap elə indiki dövr üçün də ölkənin ən gənc nazir müavinlərindən olan Mikayıl Cabbarov Fərhad Əliyevin həbsindən sonra yeni nazir Heydər Babayevlə də birlikdə çalışır.
Bank sektorundan tanışlıqları yaranan H.Babayevin işdən çıxarılmasından sonra onu da vəzifədən azad edirlər. Çoxları belə düşünür ki, bununla Mikayıl Cabbarovun yüksək ranqlı məmur karyerası bitir. Düzdür, onu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin edirlər, lakin bu onun öncəki postlarının yanında çox xırda görünür. Təhsil naziri Misir Mərdanovun vəzifədən azad edilməsi isə Mikayıl Cabbarov üçün növbəti karyera yüksəlişi olur. 2013-cü ildə Təhsil naziri təyin edilən M.Cabbarov bu dəfə keçmiş səhvlərini təkrar etmir. Nazirliyin yüksək eşolonunda öz kadrlarını yerləşdirən M.Cabbarov dörd il sonra Vergilər naziri təyin edilir.
M.Cabbarovun nazir təyinatından sonra vergi sitemində ciddi dəyişiklərin olacağı anonsu verilir. Gələn il üçün vergi faizlərinin azaldılacağı elan edilir, uzun müddətdir vergi sistemində kök atmış məmurlar vəzifədən alınır. İndidən bunun hansı nəticələr verəcəyi barədə danışmaq tez olsa da, istənilən halda islahatlar təşəbbüsünün özü belə müsbət addım kimi qiymətləndirilə bilər. Onu da deyək ki, Mikayıl Cabbarovun təkcə özü deyil, həm də yaxın ətrafında olan şəxslər yüksək vəzifələr tutur. Qayınatası professor Kamran İmanov Əqli Mülkiyyət Agentliyinin sədri, xalası oğlu Balakişi Qasımov İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, tələbəlik dostu Ceyhun Bayramov isə Təhsil naziridir.
Bir az da "Что? Где? Когда?" haqqında...
Yazının əvvəlində məlumat verdiyimiz kimi, Mikayıl Cabbarov intellektual yarışların həvəskarı və mahir iştirakçısı olub. 1994-1997-ci illərdə "Atəşgah İntellektual Oyunlar Klubu"nun prezidenti olub. 1996-1997-ci illərdə "Breyn-Rinq" oyunlarının Müstəqil Dövlətlər Birliyinin mütləq çempionu olub. 1997-ci ildə Moskvada təşkil edilmiş "Nə? Harada? Nə zaman?" oyununda iştirak edən ilk azərbaycanlı bilicidir. "Nə? Harada? Nə zaman?" Bakı Televiziya Klubunun təcrübəli üzvüdür. Beşillik oyunların qalibidir. 2002-ci ildə "Breyn rinq" üzrə dünya və "Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan çempionu olub.
Eyni zamanda Azərbaycan Badminton Federasiyasının və Azərbaycan Qılıncoynatma Federasiyasının prezidentidir. Xatırlatma üçün deyək ki, Azərbaycan Badminton Federasiyası 1962-ci ildə Bakı şəhərində yaradılıb, 1996-cı ildə yenidən təsis edilib. M.Cabbarov 2015-ci ildə bu federasiyada Azərbayan Dillər Universitetinin rektoru Kamal Abdullanı əvəz edib. Azərbaycan Qılıncoynatma Federasiyası isə 1992-ci ildə Bakı şəhərində yaradılıb. Mikayıl Cabbarov bu vəzifəyə 2017-ci ildə Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun yerinə təyin edilib.
Sonda xatırladaq ki, Mikayıl Cabbarov Avropada təhsil alan məzunlarımız arasında yüksək vəzifəyə təyinat alan ilk məmurlardandır. İstənilən halda fərqli sivilizasiyalarda yaşayan, təcrübə qazanan, daimi olaraq öz üzərində işləyən gənclərin yüksək vəzifələrə təyinatı müsbət hadisədir. Mikayıl Cabbarov bu nümunələrdən biridir. Düzdür, onun haqqında müəyyən tənqidi fikirlər olsa da, istənilən halda o rəhbəri olduğu qurumlarda öz sələflərindən yaxşı mənada fərqlənməyi bacarıb.
Ən çox oxunanlar
Son xəbərlər