Ümumilli lider kimi Heydər Əliyev həm də yeni ordu quruculuğunun əsasını qoydu
Baxılıb: 695 Tarix: 09-12-2018 12:07
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılması və möhkəmləndirilməsi, ölkəmizin hərtərəfli inkişaf yoluna çıxarılması sahəsində həyata keçirdiyi misilsiz tarixi fəaliyyətin mühüm istiqamətlərindən birini də müasir Azərbaycan Ordusunun əsasının qoyulması və onun təşkilatlandırılaraq məzmunca yeni bir səviyyəyə qaldırılması təşkil edir. Müstəqil dövlətin həqiqi silahlı qüvvələrinin yaradılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 1993-cü ilin böhranlı yayında xalqın iradəsi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan Ordusunda nizam-intizam yaradıldı, Silahlı Qüvvələr dövlətin və xalqın maraqlarına xidmət etməli olan bir struktura çevrildi. Başlıcası isə ordu quruculuğu prosesinin dövlət siyasəti müəyyənləşdirildi, ölkənin və xalqın mövcud potensialı məharətlə bu prosesin düzgün aparılmasına istiqamətləndirildi. Heydər Əliyev həm də ordu quruculuğunun dünya təcrübəsi ilə yerli şəraitdən irəli gələn xüsusiyyətlərini ustalıqla əlaqələndirdi və ordu quruculuğunun səmərəliliyi üçün real bir zəmin yaratdı. Son illər ərzində isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun yalnız bölgənin deyil, hətta dünyanın ən inkişaf etmiş orduları sırasına çıxarılması bu prosesin Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş əsaslarının son dərəcə həyatiliyini və möhkəmliyini bir daha nümayiş etdirdi. Bu, bir daha təsdiqlədi ki, hərbi-strateji sahədə uğurların ardıcıllığına nail olunması üçün dünya miqyaslı dövlət və siyasət xadimi Heydər Əliyevin hərbi-siyasi irsi və diplomatik-taktiki təcrübəsi davamlı olaraq öyrənilməli və rəhbər tutulmalıdır. Azərbaycanın ərazi bütövlüyünün qorunması, erməni təcavüzünə qarşı mübarizə aparılması üçün yaradılmış ordu hissələri siyasi qruplara bölünərək bir-birinə qarşı cəbhə tutmaqla xalqın özünü fəlakətə sürükləyirdi. Tarix bir daha sübut etdi ki, xalqı ağır durumdan onu öz ətrafında birləşdirməyi bacaran böyük şəxsiyyətlər çıxara bilər.. Qüdrətli dövlət və siyasət xadimi, xalqımızın görkəmli oğlu Heydər Əliyev belə böyük bir şəxsiyyət idi. Xalqının ağır durumunda o, soydaşlarının ümid yerinə çevrildi, xalqı öz ətrafında birləşdirərək onun dəstəyinə arxalandı, onu üzləşdiyi böyük fəlakətlərdən xilas etdi. Ulu öndər Heydər Əliyevin müstəsna fəaliyyəti, qətiyyəti, milli mənafelərə sədaqəti nəticəsində ölkə vətəndaş qarşıdurmasından nicat tapdı, onun çağırışı ilə ayağa qalxmış xalqın qəzəbi isə respublikanı etnik əlamətlərinə görə parçalamaq istəyənləri pərən-pərən saldı. Həqiqi lider kimi Heydər Əliyev həm də yeni ordu quruculuğunun əsasını qoydu.
Əvəzolunmaz şəxsiyyət allah sizə qəni-qəni rəhmət eləsin.
İlqar Həsənov
Şəki rayon İcra Hakimiyyəti Başçısının
Qoxmuq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ən çox oxunanlar
Son xəbərlər