HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN MÜSTƏQİLLİK KONSEPSİYASI
Baxılıb: 508 Tarix: 09-12-2018 14:10
Azərbaycan adlı dövlətin varlığı bizim ən böyük tarixi sərvətimiz, bütün Azərbaycanlıların qazandığı ən böyük nailiyyətdir. Heydər ƏLİYEV yaxın tarixi təcrübəmiz real şəkildə sübut etdi ki, əgər müstəqillik həqiqi mənada xalqa xidmət edirsə, millətə öz milli həyatını sərbəst, özünəməxsus şəkildə qurmaq imkanı verirsə, yalnız bu halda o, milli inkişafın ən müqəddəm şərti hesab oluna bilər.
Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" deyimini bu gün də həyəcansız xatırlamaq mümkün deyil. Ona görə ki, xalqımızın əsrlər boyu uğrunda mübarizə apardığı, lakin əsl milli dəyər mahiyyətini bugünkü uğurlarımızda daha real dərk etdiyi müstəqillik idealında cəmiyyətimizin qarşılaşdığı məşəqqətli, faciəli anlar, ağrılı günlər öz izini qoymuşdur. Ulu öndərin bu həyat manifesti bizdə ölçüyəgəlməz qürur hissi doğurur, çünki bu optimizmdə onun rəhbərliyi ilə milli varlığımızın taleyüklü problemlərinin həlli yolunda atılan uğurlu addımları, milli tərəqqiyə mane olan neqativ əyintiləri vaxtında təmkin və qətiyyətlə aradan qaldırmaq əzmi və bacarığı, elin qüdrətindən mayalanan milli təfəkkürün yaradıcı potensial təcəssümünü tapmışdır. Məhz buna görə Heydər Əliyevin müstəqillik konsepsiyası
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir. Doğrudur, ümummilli lider milli müstəqillik probleminə həsr edilmiş xüsusi elmi əsərlər yazmamışdır. Lakin özünün bütün siyasi karyerası boyu xalqımızın müstəqilliyə yetmək istəyini dərindən duymuş və müdafiə etmiş, bu taleyüklü milli problemin məzmun və mahiyyətinə dərindən nüfuz etmiş, bu amalı özünün fəaliyyət kredosuna çevirmişdir. O, istər dərin məzmunlu çıxışlarında, istərsə də xalqla keçirdiyi görüşlərdə səsləndirdiyi ideyalarla müstəqillik konsepsiyasının nəzəri-praktiki əsaslarını yaratmışdır. Bu konsepsiyada milli dövlətçilik ideyaları ilə həmin ideyaları həyata keçirən müdrik siyasətin obrazının dialektik vəhdətini görürük.
Azərbaycançılığın Heydər Əliyev təlimi dünya azərbaycanlılarının ümummilli ideallarını əks etdirən və onların həmrəyliyini ifadə edən böyük təlimdir. Müstəqil Azərbaycan isə böyük ideallara və universal zəkaya malik olan Heydər Əliyev dühasının şah əsəridir.
Azərbaycan xalqı özünün böyük oğlu və qüdrətli dövlət rəhbəri Heydər Əliyevin yerini və xidmətlərini dərindən bilir və onunla haqlı olaraq fəxr edir. Xalqımız Heydər Əliyevi həmişəlik ümummilli lider olaraq qəbul etmişdir. Heydər Əliyev Azərbaycan xalqının əbədi iftixar mənbəyidir.
Ulu Öndərimizin məkanı cənnət olsun!
Tehran Lətifov
Şəki şəhərinin sahibkarı
Ən çox oxunanlar
Son xəbərlər