Diqqət: siqaretlə bağlı cərimələr başladı - Bu gündən
Baxılıb: 715 Tarix: 11-12-2018 10:44
Bu gündən taksidə siqaret çəkməyə görə 40-50 manat məbləğində cərimənin tətbiqi barəda qanun rəsmi hüquqi qüvvə alıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı hüquqşünas Ərşad Hüseynov paylaşıb. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə düzəliş edilib. Bu gündən etibarən taksi sürücüləri və taksidən istifadə edən sərnişinlər nəqliyyat vasitəsi daxilində istifadə etdiyi tütün məhsullarına görə cərimələnəcəklər.
İstər hərəkət vaxtı, istərsə də dayanmış vəziyyətdə taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, həmin şəxs qeyd olunan məblığdə cərimə olunacaq.
Ə.Hüseynov bildirib ki, sərnişinin taksidə çəkdiyi siqaretə görə sürücü inzibati məsuliyyətə cəlb edilməyəcək:
“Hər kəs özünə cavabdehdir. Siqareti kim çəkəcəksə, cəriməni də özü ödəyəcək”.
Qeyd edək ki, bu gündən həmçinin rəsmi hüquqi qüvvə alan qanuna (İXM-in 212-ci maddəsinə edilən əlavələr) əsasən, siqaret kötüyünü hara gəldi atanlar da 50 manat cərimə olunacaqlar.
İnzibati Xətalar Məcəlləsinə yeni daxil edilən 212.4-cü maddə belədir:
212.4. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə əlli manat məbləğində cərimə edilir.
Ə.Hüseynov bildirib ki, bu, siqaret kötüyünü zibil qutuları və belə tullantıların məhvi və ya atılması üçün xüsusi yerlər istisna olmaqla, istənilən başqa yerdə atan şəxsin cərimələnəcəyi deməkdir.
Ən çox oxunanlar
Son xəbərlər