HEYDƏR ƏLİYEV İDMANIMIZIN BÖYÜK QAYĞIKEŞİ İDİ
Baxılıb: 593 Tarix: 12-12-2018 15:46
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə gününü - vəfatının 15-ci ildönümünü qeyd edirik. Ulu öndərin işıqlı xatirəsi bütün tərəqqipərvər vətəndaşlar tərəfindən hörmətlə anılır. Cəmiyyətimizin elə bir zümrəsi yoxdur ki, dahi rəhbəri ehtiramla yad etməsin. Çünki onun hər yerdə izi var, xatırlayanların hamısının qəlbində özünə möhtəşəm heykəl ucaldıb. Respublikanın idman ictimaiyyəti də Ümummilli liderin əziz xatirəsini hörmətlə anır.
Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı.
Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır".
1969-cu ildə Prezident Heydər Əliyevin Respublikaya rəhbər seçildiyi ildən bizim ali idman təhsili müəssisəsi üçün yeni binanın tikintisinə başlamış və 1972-ci ildə onun açılışı olmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində 1970-82-ci illərdə institutun 22 kadrı Moskva və başqa ölkələrdə təhsil almış, müxtəlif mövzularda namizədlik dissertasiyası müdafiə etmişdir.
Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti idmançılarımızı və onların yetişdirilməsi ilə məşğul olan məşqçi-müəllim heyətini, universitetimizin kollektivini yeni qələbələrə səsləyir. Prezident İlham Əliyev Azərbaycan müəllimlərinin XXI yüzillikdə milli təhsilin davamlı inkişafı və dünya təhsil sisteminə intneqrasiyası üçün əllərindən gələni edəcəklərinə, bu sahədə artıq dönməz xarakter almış islahatlar prosesini uğurla davam etdirəcəklərinə əmin olduğunu bildirmişdir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Prezidentin tələblərini həyata keçirməklə öz fəaliyyətini daim genişləndirir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ölkəmizdə ali təhsil sisteminin flaqmanlarından biri kimi, bundan sonra da yüksək səviyyədə fəaliyyət göstərəcəkdir.
Namazova Əsli Hüseyin qızı,
Azərbaycan Dövlət Bədən-Tərbiyə və İdman Akademiyasının
idman oyun növləri üzrə dosenti
Ən çox oxunanlar
Son xəbərlər