2018-ci il xalqımızın və prezidentimizin ali dəyər verdiyi Azərbaycan polisi üçün əlamətdar olmuşdur -
Baxılıb: 1 074 Tarix: 25-12-2018 10:10
Artıq tarixə çevrilməkdə olan 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı, eləcə də xalqımız tərəfindən növbəti müddətə Prezident vəzifəsinə seçilən Ali Baş Komandanımız İlham Əliyevin respublikamıza rəhbərlik etməsinin 15 ili tamam oldu. Dövlətimizin başçısının sabitliyin və təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətə verdiyi ali dəyərə cavab olaraq, daxili işlər orqanlarının bütün qurumları Azərbaycan Polisinin 100 illik yubileyini də Vətənə və dövlətə xidmətdə qazanılan yeni uğurlarla qarşıladılar. Məhz polisin uğurlarının göstəricisidir ki, əhalisinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 271-dən 264-ə qədər azalan Azərbaycan Dünya İqtisadi Forumunun “2017-2018-ci illər üzrə qlobal rəqabətlilik" hesabatına əsasən “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə 21 pillə irəliləyərək 137 ölkə arasında 54-cü yerdə qərarlaşdı.
Bu il həm də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun 70 illik yubileyi qeyd olundu. Möhtərəm Prezidentimizin sərəncamı ilə hörmətli nazirimiz“Şöhrət” ordeni ilə təltif edildi. Cənab nazirin Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli xidmətinə verilən bu yüksək dəyər bütün polis işçiləri tərəfindən sevinc hissi ilə, alqışla qarşılandı.
Azərbaycanda dövlətçiliyin qorunması, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin mühafizəsi sahəsində Yevlax rayon Polis Şöbəsi şəxsi heyətinin böyük xidməti var. Şərəfli xidmət yolu keçən RPŞ-nin şəxsi heyəti bu gün rayonda ictimai-siyasi sabitliyin qorunması və hüquqpozmalara qarşı profilaktiki tədbirlərin həyata keçirilməsi üçün mühüm işlər görür.
Rayonda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir. Sevindirici haldır ki, rayonda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində cinayət hadisələrinin törədilmə səbəbləri isti izlərlə açılır, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilir, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər saxlanılaraq istintaqa təhvil verilir. Eləcə də rayonda kriminal hadisələrin sayı azalıb, əxlaqsızlıq yuvaları və qumarxanaların fəaliyyətinə son qoyulub.
Polisin fəaliyyəti sakinlər tərəfindən razılıqla qarşılanır. Yevlaxda vətəndaşlar polisə daha çox arxalanır, öz hüquqlarının və təhlükəsizliklərinin layiqincə mühafizə olunduğunu düşünürlər. Polis əməkdaşlarının uğurla fəaliyyət göstərməsi, dövlətçiliyə şərəflə xidmət etməsi və daxili sabitliyin təmin edilməsi Yevlaxda iqtisadi inkişaf və əhalinin sosial rifah halının yaxşılaşmasına şərait yaradır. Təsadüfi deyil ki, sadə insanlar, yerli iş adamları, eləcə də rayona gələn qonaqlar bu faktı həmişə razılıq hissi ilə qeyd edirlər.
RPŞ rəhbərliyi və əməkdaşları öz xidməti fəaliyyətlərində yüksək peşəkarlığı, insani keyfiyyətləri və işdən kənar davranış mədəniyyəti ilə daxili işlər orqanlarının nüfuzunu daim artırmağa çalışırlar. Polis işçiləri xidməti fəaliyyətlərində qanunun aliliyini rəhbər tutmaqla yalnız faktlara əsaslanır, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinə riayət edir, vətəndaşların hüquq və azadlıqlarına, hüquqi şəxslərin mənafelərinə əməl və hörmət edir, insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol vermirlər. Daim nəzərə alırlar ki, milli qanunvericiliklə və beynəlxalq konvensiyalarla təsbit edilən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədidir.
Yevlax polisi icraatındakı işlər üzrə təqsirsizlik prezumpsiyası və digər prinsiplərə daim riayət olunmasını təmin edir, ədalətli məhkəmə baxışına mənfi təsir göstərən, əvvəlcədən ictimai rəyin formalaşdırılmasına yönəlmiş hərəkətlərə yol vermir. Şəxsi heyətin üzvləri ümumi və hüquqi biliklərini, nəzəri və peşəkarlıq səviyyəsini artırmaq üçün daim öz üzərində işləyir, milli qanunvericilikdəki və beynəlxalq hüquqdakı yenilikləri yaxından izləyir, maraqların toqquşmasına yol vermir, xidməti fəaliyyətlərindən kənar davranışlarının onların peşə nüfuzuna kölgə salmamasına çalışırlar.
Yevlax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları da 2018-ci ildə fəaliyyət göstərdikləri sahədə yol-hərəkəti qaydalarına ciddi əməl olunmasını təmin etmək üçün qarşılarına qoyulan vəzifələri layiqincə yerinə yetirmişlər. İlk növbədə respublika daxili işlər naziri Ramil Usubovun tapşırıq və tövsiyələrinin icrası məqsədilə hazırlanmış iş planına uyğun olaraq sərxoş vəziyyətdə nəqliyyat vasitələrinin idarə edilməsi, sürət həddinin aşılması, ötmə qaydalarının pozulması, qarşıdan gələn nəqliyyatın yoluna çıxma kimi kobud qayda pozuntularına qarşı mübarizə tədbirinin gücləndirilməsi, şəxsi heyətin peşə hazırlığının, intellektual və bilik səviyyəsinin yüksək olması məqsədilə onlara informasiya texnologiyalarını işlətmək bacarığının mənimsədilməsi, yol hərəkəti qaydalarını pozan şəxslərin aşkarlanması və inzibati məsuliyyətə cəlb olunması məsələlərinə önəm verilmişdir.
"Yol - patrul xidmətində etik davranış ili" elan olunmuş 2018-ci ildə YPX əməkdaşlarının gördüyü işlər vaxtaşırı təhlil olunmuş, bütövlükdə il ərzində yol hərəkəti qaydalarının yüksək səviyyədə nizamlanması DYPB-nin fəaliyyətinin əsas prioriteti olmuşdur. Yol hərəkəti təhlükəsizliyinin təmini ilə bağlı təbliğat işləri kütləvi informasiya vasitələrində, mətbuatda intensiv davam etdirilmişdir. Televiziya kanallarında sürücülər tərəfindən yol verilən qayda pozuntuları barədə sujetlər göstərilmişdir.
Nəqliyyat vasitələrinin texniki vəziyyətlərinə nəzarətlərin gücləndirilməsi, piyadaların vurulması ilə nəticələnən yol-hərəkət qaydalarının qarşısının alınması istiqamətində profilaktiki işlərə daha ciddi önəm verilmiş, qanun pozuntularına qarşı sərt tədbirlər görülmüşdür. Xidmətdə olan bütün texniki vasitələrin, o cümlədən patrul avtomobillərinin və rabitə vasitələrinin saz vəziyyətdə saxlanması, həmçinin təyinatı üzrə istifadə edilməsi yol hərəkəti qaydalarının təhlükəsizliyinə nəzarətin başlıca faktorlarındandır. Yol-patrul xidməti əməkdaşları tərəfindən keşik avtomobillərində quraşdırılmış səsgücləndiricilərdən, rabitə vasitələrindən istifadə qaydalarına ciddi əməl olunması və vətəndaşlarla ünsiyyətdə olarkən etik davranış normalarına riayət edilməsi il boyu diqqət mərkəzində saxlanılmışdır.
Hazırda ölkəmizdə cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlardan, sosial proqramlardan bütün ölkə vətəndaşları, o cümlədən ictimai asayişin keşiyində dayanan daxili işlər orqanları əməkdaşları da faydalanırlar. Buna görə də öz rəhbərlərinə olan sevgilərini, minnətdarlıq hisslərini izhar etmək üçün hər fürsəti dəyərləndirirlər. Dekabrın 24-ü möhtərəm Prezidentimiz İlham Əliyevin ad günü növbəti belə fürsətdir. Elə bu fürsətdən istifadə edib mən də Ali Baş Komandanımızı təbrik edir, ona ölkəmizin çiçəklənməsi, dövlətçiliyimizin qorunması naminə fəaliyyətində daha böyük uğurlar arzu edirəm.
Yusif İsmayılov,
polis kapitanı
Ən çox oxunanlar
Son xəbərlər