İlham Əliyevin şərəfli ömür yolu Vətəninə, xalqına bağlı hər bir azərbaycanlı üçün bu gün canlı örnəkdir
Baxılıb: 768 Tarix: 29-12-2018 17:33
Bizim üçün bir tarixi amil-azərbaycançılıq ideologiyası var” deyən Ulu Öndər Heydər Əliyevin qənaətincə, bu, Azərbaycan insanının dövlətçilik düşüncəsinin əsasını təşkil edən milli, mənəvi, mədəni, ədəbi, tarixi, siyasi, iqtisadi dəyərlər sisteminin ümumiləşdirilmiş məcmusudur. Ulu Öndər “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq... Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Öz siyasi varisinin siyasi və mənəvi keyfiyyətləri haqqında müdrik sözlər deyən Ulu Öndər, onun bütün sahələrdə olduğu kimi, Azərbaycançılığın inkişafında da cənab İlham Əliyevin uğurlara imza atacağını qətiyyətlə bildirirdi.
İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.
Görkəmli siyasi və dövlət xadimi İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin oğludur. O, peşəkar siyasətçidir. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada elmi-pedaqoci fəaliyyətə başlamış (1982), aspirant, müəllim olmuşdur. Tarix elmləri namizədidir (1985). 1991-ci ildən Moskvada "Oriyent" şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994-cü ildən) və birinci vitse-prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının baş naziri (2003) vəzifəsində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.
İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır.
İlham Əliyev Prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərmişdir. Onun yorulmaz və gərgin əməyi sayəsində, qısa müddət ərzində, Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrətli qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.
Hörmətli İlham Heydər oğlu, həyatınızın bu əlamətdar günündə Sizə möhkəm cansağlığı, ailə səadəti və firavanlıq, Azərbaycan xalqının naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Asif Cəfərov
İş adamı
Ən çox oxunanlar
Son xəbərlər