Samux rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov təhsilə göstərilən sonsuz diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə minnətdardır.
Baxılıb: 808 Tarix: 29-01-2019 09:38
Təhsil sahəsi daim möhtərəm Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Cənab Prezident qeyd edir ki, “Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik. Və görürük ki, o ölkələr sözün əsl mənasında inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın.
Təhsil istənilən ölkədə xalqların gələcək inkişaf perspektivinə hesablanmış mühüm sahədir. Buna görə də cəmiyyətdə hansı sahə olursa olsun, o sahənin inkişafı birbaşa təhsildən asılıdır. Diqqət etsək görərik ki, müasir dövrdə inkişaf etmiş dövlətlərin hamısında ən böyük sərmayə təhsilə qoyulmuşdur. Çünki təhsilə çəkilən zəhmət, sərf edilən investisiya heç zaman itmir, bir müddət sonra özünü doğruldur.
Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov bizimlə söhbətində bildirdi ki, təhsil müəssisələrində müəllim və şagirdlər üçün hərtərəfli şərait yaradılmışdır. Məktəblərin hamısında elektron lövhəli siniflər, kompüter sinifləri fəaliyyət göstərir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi şagirdlərə əyani vasitələrlə işləməyə imkan verir. Yaradılmış şəraitin nəticəsidir ki, rayonun təhsil uğurları da ildən-ilə artır. Bu gün hər bir məktəbin əsas vəzifəsi gələcəyimiz üçün sağlam, bilikli vətəndaş yetişdirməkdir. Gələcəyimiz üçün əsl vətəndaşlar ailədə və paralel olaraq məktəblərdə yetişir və bu iş artıq ümummilli məsələ kimi dövlətimizin müəyyənləşdirdiyi milli təhsil strategiyasının tələbidir. Apardığımız iş onu deməyə əsas verir ki, məktəb və ailələr arasındakı bağlar nə qədər möhkəm olarsa, valideyn-müəllim-şagird üçbucağının təməli nə qədər sağlam qoyularsa, əldə edəcəyimiz uğurlar da o qədər çox olar. Hər şeydən əvvəl, gələcəyə əsl vətəndaş hazırlaya bilərik. Çünki yalnız vətənpərvər insan işlədiyi sahədən asılı olmayaraq, dövlətinə, xalqına, ümumilikdə isə Vətəninə faydalı ola bilər. Əvvəldə də qeyd etdiyimiz kimi, rayonda elə bir təhsil müəssisəsi yoxdur ki, o müəssisənin şəraiti olmasın. Bütün məktəblərimizdə dövlətin xərclədiyi böyük vəsaitlər hesabına ən müasir şərait yaradılmışdır. Belə bir şəraitdə oxumamaq və yaxud müəllim kimi o müqəddəs vəzifənin tələblərini dərk etməmək mümkün deyil. Doğrudur, ildən-ilə uğurlarımızın sayı artır. Ancaq daha böyük nailiyyətlərin yolu bugünkü fəaliyyətimizdən asılıdır. Məqsədimiz daha səy və əzmkarlıqla çalışaraq təmsil olunduğumuz sahəni daha da inkişaf etdirmək, ölkəmizin, eləcə də gələcək inkişafına töhfə verməkdən ibarətdir.
Təhsil Şöbəsinin müdiri sonda təhsilə göstərilən sonsuz diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirərək, bir daha vurğuladı ki, çoxsaylı təhsil işçiləri ölkə Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti bundan sonra da dəstəkləyəcək, təhsildə yeni nailiyyətlərə imza atacaqlar.
Ən çox oxunanlar
Son xəbərlər