Mirzə Cəlil düz edib xalqı söyüb! - Deputatdan şok
Baxılıb: 480 Tarix: 28-03-2019 15:27
Hesab edirəm ki, Mirzə Cəlil Azərbaycan xalqını həqiqətən də müəyyən məqamlarda aşağılayıb. O, cəhalətin daşıyıcısı, xurafat virusunu yaşadanları tənqid atəşinə tutub və bunu da haqlı olaraq edib.
Bu sözləri Kult.az-a açıqlamasında millət vəkili Fazil Mustafa yazıçı Həmid Herisçinin görkəmli dramaturq Cəlil Məmmədquluzadə barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
O bildirib ki, Mirzə Cəlil üslubu Azərbaycanda tənqidi realizmin əsas aparıcı xəttidir, yeni ədəbi məktəbdir:
“Bu məktəbə qarşı fərqli fikirlər ola bilər, amma bu, başqa alternativləri ortadan qaldırmır. Mirzə Cəlil karikatura ilə xalqın gerçəklərini çatdırırdı. Fikrimcə, Mirzə Cəlil xalqın cahil nümayəndələrini aşağılamaqla düz edib. Xalqın naqis cəhətlərini diqqətə çatdırmaq lazımdır. Bunu siyasətçi və ya dövlət xadimi edə bilməz, bunu yazıçı etməlidir. O, şahidlik etdiyi neqativ məsələləri gündəmə gətirməlidir. Biri gedib başını yarır, biri mərsiyə oxuyur. Bunlar ciddi problemlərdir”.
F.Mustafanın sözlərinə görə, “Ölülər” əsərinə görə C.Məmmədquluzadəni “nihilist” adlandırmaq doğru deyil:
“Ölülər” əsərində Kefli İsgəndər cəhalətin daşıyıcısı olan xalqa üzünü tutub deyir ki, tfu sizin üzünüzə. Əslində, buna aşağılamaq kimi baxıla bilər, amma nə deməlidir? Bu gün mən də kiminsə cəhalətin daşıyıcısı olduğunu görəndə başqa nə ifadə işlədə bilərəm? Mirzə Cəlili nihilizmdə ittiham etmək yanlışdır. O, filosof deyil ki, cəmiyyətin inkişaf dinamikasını dəqiq göstərsin. Mirzə Cəlil yazardır, dərdi təsvir edə bilər, amma bunun ardı, çözüm yolunu düşüncə adamları, filosoflar etməlidir.
Onun personajları hələ də diridir, çünki bu gün aramızda təfəkkürcə novruzəlilər var.
Sonda onu deyim ki, Azərbaycan tarixində Mirzə Cəlil qədər bu xalqı kötəkləyərək, istehza edərək diriltmək istəyən ikinci bir şəxsiyyət yoxdur”.
Qeyd edək ki, yazıçı, şair Həmid Herisçi Cəlil Məmmədquluzadənin öz əsərlərində Azərbaycan xalqını aşağıladığını, nihilist olduğunu deyib və onun haqqında müxtəlif tənqidi fikirlər səsləndirib.
Ən çox oxunanlar
Son xəbərlər