Deputat sərəncama görə prezidentə təşəkkür etdi
Baxılıb: 424 Tarix: 11-04-2019 16:25
Bütün azərbaycanlılar və türk dünyası adından Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama görə Prezident İlham Əliyevə təşəkkür edirik.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamına münasibət bildirən millət vəkili Qənirə Paşayeva deyib. O, həmkarı Fazil Mustafa ilə bir neçə dəfə çıxışlarında Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi, onun xatirəsinin Azərbaycanda əbədiləşdirilməsi ilə bağlı addımların atılmasına ehtiyac olduğunu bildirdiyini xatırladıb:
“Cənab Prezidentə bu tarixi sərəncamından dolayı təşəkkürümü bildirirəm. Qardaş Türkiyənin paytaxtı Ankarada Əhməd bəy Ağaoğlunun adına küçə var idi, lakin müəyyən siyasi proseslərdən sonra onun adı küçədən götürüldü. Qardaş Türkiyənin rəsmiləri, millət vəkilləri ilə görüşdə bir neçə dəfə Ankaranın mərkəzi küçələrindən birinə təkrar Əhməd bəy Ağaoğlunun adının verilməsini xahiş etmişdik. İnanırıq ki, cənab Prezidentin bu addımı yalnız azərbaycanlılara deyil, bütün türk dünyasına bir mesaj olacaq və qardaş Türkiyənin paytaxtı Ankarada mərkəzi küçələrdən birinə Əhməd bəy Ağaoğlunun adı veriləcək”.
Deputat qeyd edib ki, təkcə Azərbaycanda deyil, qardaş Türkiyədə də Əhməd bəy Ağaoğlunun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək:
“Çünki Əhməd bəy Ağaoğlu sözün əsl mənasında buna layiq şəxsiyyətlərimizdən biridir. Nur içində yatsın. Bu arada, Real TV-yə və onun dəyərli jurnalisti Ləman Ələşrəfqızına təşəkkür edirik ki, iki ay bundan əvvəl Əhməd bəy Ağaoğlu barədə film çəkilişi ilə bağlı təklifimizi qəbul etdilər və martda İstanbulun Feriköy məzarlığında çəkilişlər oldu. Türkiyənin bir sıra tanınmış ziyalıları ilə birlikdə Əhməd bəy Ağaoğlu barədə öz fikir və düşüncələrimizi bölüşdük. Əhməd bəy Ağaoğlu, ailəsi və qızı Sürəyya Ağaoğlu barədə gərəkli çəkilişlər oldu. Yaxın zamanlarda gənclərimiz Real TV-də Ləman xanımın təqdimatında Əhməd bəy Ağaoğlu haqqında filmi izləmək imkanına malik olacaqlar”.
Q.Paşayeva gəncləri Əhməd bəy Ağaoğlunu dərindən öyrənməyə çağırıb:
“İstanbula hər səfərimdə oradakı Feriköy məzarlığında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının, o cümlədən Əhməd bəy Ağaoğlunun məzarını ziyarət edirəm. İstanbula yolu düşən hər kəsi cümhuriyyət qurucularımıza öz ehtiramlarını göstərməyə çağırıram”.
Ən çox oxunanlar
Son xəbərlər