Zelenski ilə görüşən məşhurumuz: O, söz vermişdi ki...
Baxılıb: 505 Tarix: 25-04-2019 15:08
Publika qarşısında oyunbazlıq edən siyasətçiləri çox zaman siyasi şoumen adlandırırlar. Amma bu dəfə siyasətə şoumenlərin özləri gəlməkdədir. Ukrayna nümunəsi göz qabağındadır. KVN-çi Vladimir Zelenskinin Pyotr Poroşenko üzərində qələbəsi göstərdi ki, şou adamı da prezident seçilər bilər. Yetər ki, xalqın səsini və nüfuzunu qazansın.
Məsələ bundadır ki, insanlar “siyasi - sfinks”lərdən, çirkli maliyyə oliqarxlarından, onların aşkar və gizli sövdələşmələrindən, daxili və xarici siyasətdə bu adamların qurduqları çeşidli, hətta bir az da iyrənc “konspiroloji ssenarilər”dən beziblər və siyasətdə daha anlaşıqlı, açıq və əlçatan, belə demək mümkünsə, daha şəffaf adamları görmək istəyirlər.
Siz şoumenlərə, teleaparıcılara yuxarıdan aşağı baxmayın, bir tərəfdən efirin magik qüvvəsi, digər tərəfdən belə adamların siyasi texnologiyalara və reklam işinə yaxşı bələd olması bunu deməyə əsas verir ki, onlar heç də bayağı insanlar deyillər. Elə ənənəvi siyasətçilərin özlərini yaradan və onları publikaya qəbul etdirən adamlar məhz teleaparıcılar, jurnalistlər deyilmi?
Əgər ABŞ-ın Ronald Reyqan kimi aktyor prezidenti olubsa, niyə sənət adamının siyasətə gəlişi, seçkidən qalib çıxması təəccüblü görünməlidir.
Qanunvehedef.az xəbər verir ki, “Parni iz Baku” komandasının parlaq simalarından olan əməkdar artist Bəhram Bağırzadə “Yeni Müsavat”a açıqlamasında Ukraynanın yeni prezidenti Vladimir Zelenski haqda danışıb.
O bildirib ki, mühüm olan hər bir şəxsin öz sahəsində peşəkar olmasıdır:
“Mən heç vaxt siyasətlə məşğul olmaq, seçkilərdə iştirak eləmək istəməmişəm, istəmərəm də. Öz işim-gücüm var, onlarla məşğulam, rəhmətlik atama da söz vermişəm ki, siyasətə heç vaxt qatılmayacağam. Görünür, Zelenski atasına söz veribmiş ki, siyasətdə uğur qazanacaq. Mən çalışıram ki, Vladimir Zelenskinin necə idarəçi olacağı haqda fikirləşməyim. Hər bir şəxs öz sahəsində peşəkarlıq göstərməlidir. Mən rejissor, ictimai xadim kimi öz işlərimlə məşğulam, ona da uğurlar arzulayıram. Və yeri gəlmişkən, biz 20 il əvvəl Moskvada onunla eyni səhnədə olmuşuq, Zelenski ilə söhbətlər eləmişik. Ümumiyyətlə, dost Ukrayna və digər postsovet respublikalarına əmin-amanlıq arzulayıram”.
Əməkdar artist qeyd etdi ki, kimin prezident seçilməyindən asılı olmayaraq millətini sevən olmalıdır:
“Əsas odur ki, həmin şəxs Allahdan qorxan və millətini sevən olsun. Həmin adam istər aktyor, istər saksofon ifaçısı, istər memar olsun, əsas xalqına gün ağlasın. Ona görə də Zelenskiyə əmin-amanlıq arzulayıram, müharibə bitsin. Rusiya və Ukraynada insanlar sevgi ilə yaşasınlar, hər iki dövlətin turistləri Azərbaycana, Bakımıza gəzməyə gəlsinlər”.
Xalq artisti Afaq Bəşirqızı isə qəzetimizə dedi ki, qiyamətin əlamətləri görünür:
“Hərdən insanlar soruşurlar ki, dünyanın axırı necə olacaq, daşqınlar, sellər, zəlzələlər gələcək, Yer kürəsi üstümüzə yıxılacaq, həyat alt-üst olacaq. Amma deyəsən, elə qiyamət yaxınlaşır. Mən Zelenskini istedadlı şoumen kimi tanıyıram, Yurmala şəhərində konsertlərinə baxmışam. Amma onu prezident kimi təsəvvür edə bilmirəm. Çünki hər adamdan prezident olmaz. Prezident iqtisadiyyatı, siyasəti, bütün ictimai-sosial məsələləri bilməlidir, təcrübəsi olmalıdır, xarici səfərlər, başqa dövlətlərin prezidentləri ilə müzakirələr aparmaq dünyagörüşü olmalıdır. İndi Zelenski bu yükü daşıya biləcəkmi, bacaracaqmı deyə bilmirəm”.
Ukraynanın yeni prezidenti ilə şəxsi tanışlığı olmadığını deyən A.Bəşirqızının sözlərinə görə, özünün siyasətə qatılmaq, seçkidə iştirak məsələsinə münasibəti fərqlidir:
“Yaşımın elə dövrüdür ki, hər şeyin öz vaxtı var. İndi axın-axın adamlar Həcc ziyarətinə gedir. Düzdür, dində buyurulub ki, hər müsəlman bu ziyarətə bir dəfə getməyə imkan eləməlidir. Amma mən Həcci burada qazanmağı üstün tuturam. Yəni sözümün canı budur ki, sən öz sahəndə millətin üçün faydalı iş görürsənsə, deməli, xalqın deputatısan. İndi kimlərsə maaşa, şəxsi ambisiyaya görə deputat kürsüsündə oturmaq istəyir. Bizim ən böyük bəlamız da buradadır. Sən öz işində millətin deputatısansa, bunun üçün həftədə iki dəfə gedib oradakı iclasda oturmaq lazım deyil”.
Aktyor Elməddin Cəfərov bildirdi ki, özünün siyasətə qoşulmaq niyyəti olmasa da, şou adamının qalib gəlməsini normal qarşılayır:
“Avropada istəyərəm ki, daha bir nəfər şoumen seçkidə qalib gəlsin. Bunlara normal baxmaq lazımdır. Amerikada Bill Klinton musiqiçi idi, Donald Tramp şoumendir. Zelenski uğurlu KVN-çi idi, siyasətdə nə dərəcədə uğurlu olacaq, bunu zaman göstərər. Amma özümün siyasətə qoşulmaq fikrim yoxdur”.
Əməkdar artist Tahir İmanov isə bildirib ki, başqa ölkənin daxili siyasətinə qarışmaq istəmir:
“Zelenskinin fəaliyyətindən xəbərdaram. Onunla festivallarda qarşılaşmışıq. O, KVN-ə bizdən sonra gəlib. Başqa ölkənin daxili siyasətinə qarışmaq istəmirəm. Özümə gəldikdə isə siyasətə qoşulmaq fikrim yoxdur. Gözəl sənətim var, sənətimi davam etdirəcəyəm”.
Ən çox oxunanlar
Son xəbərlər