Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Azəriqaz" rəhbəri haqda prezidentə elə bir dosye verilib ki…

Baxılıb: 538     Tarix: 02-05-2019 10:15   
Dövlət başçısının Əkbər Hacıyevin rəhbərlik etdiyi qurumla bağlı müşavirədə sərt danışmasının ilginc səbəbləri; İB rəhbərinin əndazəni aşan qanunsuzluqları onunla bağlı yaxın vaxtlarda qəti tədbirlərin görüləcəyini istisna etmir
Azərbaycanda istehlakçılara verilən təbii qazın keyfiyyətsizliyi, təzyiqin aşağı olması, xüsusilə qış aylarında saatlarla fasilələrin yaranması uzun illərdir əhalini narahat edir. İnsanların qaz təchizatı sahəsində yaşadığı problemlər ölkə rəhbərliyinin diqqətinə çatdırılıb. Bu, prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışından aydın olur. Həmin çıxışda prezident "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyətini tənqid edib.
Prezident bildirib ki, qazlaşdırma Azərbaycanda ən yüksək səviyyədədir və bu il də qazlaşdırma ilə bağlı işlər aparılır: "Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin. Eyni zamanda, "Azəriqaz" tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, "Azəriqaz" özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə – elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır".
"Azəriqaz"ın istehlakçılara qarşı qanunsuz davranışları barədə danışan Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının "Yeni Müsavat"a dediyinə görə, İB tərəfindən "Qaz təchizatı haqqında" Qanunun, Nazirlər Kabinetinin 80 saylı qərarının bir neçə maddəsi pozulur: "16 dekabr 2017-ci ildə SOCAR vitse-prezidenti Rəhman Qurbanovun təsdiq etdiyi "Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair Metodiki tövsiyələr"ə əsasən "Azəriqaz" tərəfindən hazırlanmış qaydaların 4-cü bəndindəki qanunsuz düzəliş nəticəsində abonentlərə tətbiq olunan cərimə ikiqat artırılıb. Belə ki, SOCAR tövsiyələrinin 1.4.1 bəndinə əsasən abonentə cərimə tətbiq olunarkən dəymiş ziyanın 90 gün ərzində sərf olunan qaz həcmində hesablanması nəzərdə tutulsa da, Əkbər Hacıyev tərəfindən hazırlanan qaydalarda bu, 180 günlə əvəz olunub. Bundan əlavə, qazpaylayıcı ilə abonent arasında bağlanmış müqavilənin 2.1.1. bəndinə zidd olaraq (istehlakçını nominal təzyiqdən aşağı olmamaqla keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək) qaz abonentlərə (xüsusən də qış aylarında) fasilələrlə, aşağı təzyiqlərlə verilir. Qaz kəsilir, veriləndə isə 15-20 dəqiqə sistemə yüksək təzyiqlə hava vurulur. Bunu da guya əhalinin təhlükəsizliyi üçün etdiklərini deyirlər. Halbuki yüksək təzyiqlə gələn hava sayğacları da sürətlə fırladaraq əhalinin pulunun mənimsənilməsinə səbəb olur. Yəni insanlar faktiki olaraq, adi havaya görə qaz qiymətində pul ödəyirlər".
Komitə sədri "Azəriqaz" rəhbərliyinin bəzi müəssisələrə verilən qazı itki və əhalinin boynuna qoymaq istədiyi qənaətindədir: "Rəsmi mənbələrin hesabatlarında qaz təchizatında böyük miqdarda qaz itkisinin olduğu qeyd olunur. 2016-cı ildə audit şirkəti "Ernst & Young" və ölkənin Hesablama Palatası "Azəriqaz"da yoxlama apararkən bir çox qüsurlarla yanaşı, istehlakçıların qazla təminatı zamanı böyük qaz itkilərinin də olduğunu qeyd etmiş və itkilərin aradan qaldırılması üçün həmin qurumlar tərəfindən təklif və göstəriş də verilmişdi. Rəqəmləri təhlil etdikdə, ən yüksək itkilərin regionlarda baş verdiyi müşahidə olunur. Təbii ki, bunun da əsas səbəbi rayon və kəndlərdə sayğaclaşmanın tam aparılmaması, infrastrukturun keyfiyyətinin aşağı olmasıdır. Eyni zamanda broylerlərin və istixanaların ("parnik"lərin-red.) da qaz itkilərində payı az deyil. Mətbuat buraya yönələn qanunsuz qaz xətləri barədə dəfələrlə araşdırma aparıb. Məhz bu səbəblərdən, qaz itkilərinin həcmi ildən-ilə artır. Halbuki 2009-2010-cu ildə "Azəriqaz"da struktur islahatları aparılarkən əsas məqsədlərdən biri itkilərin minimum endirilməsi idi".
M.Qəhrəmanlının sözlərinə görə, qaz təchizatında itkilərin çox olmasının bir neçə mühüm səbəbləri var: "Qaz uçotu işinin düzgün qurulmaması, bir çox iri müəssisələrə qeydiyyatsız qazın ötürülməsi, sayğacların xarab olması (əhali üçün quraşdırılan əksər G-4 markalı qaz sayğacının istismar müddəti 5 ildir. Faktiki isə əhalinin istifadəsində olan sayğacların 70 faizdən çoxu 6 ildən yuxarıdır ki, quraşdırılıb. Ona görə də qaz emal olunmamış vəziyyətdə ötürüldüyündə sayğacın sərf qeyd edən diafraqmaları tozdan, zir-zibildən tutulduğundan sərfiyyat tam qeyd edilmir), cari təmir işlərinin ümumiyyətlə aparılmaması, qazpaylayıcı stansiyalarda verilmiş texnoloji rejimlərə əməl olunmaması, təbii qazın mexaniki qarışıqlardan təmizlənmədən, qurudulmadan sistemə daxil olması və sair".
Komitə sədri deyir ki, ötən il Əkbər Hacıyevin tapşırığı ilə Bakıda və rayonlarda əhaliyə qanunsuz və böyük həcmdə cərimələr tətbiq olunub: "İstismar müddəti 5 il olan sayğaclara 6 ildən sonra müdaxilə adı altında cərimələr yazılırdı. Bizim də yardımımızla abonentlər "Azəriqaz"ı məhkəməyə verib cərimələri ləğv etdirdilər. Məhkəməyə üz tutanların sayı sürətlə artdı deyə, bu qanunsuzluğu azaltmalı oldular".
Qazın keyfiyyətinə gəlincə, M.Qəhrəmanlı bildirir ki, sovet dövründə hətta birbaşa mədəndən alınan qazdan istifadə edilsə də, zəhərlənmə hallarına rast gəlinməyib: "Biz indiki Qumadasında iş yerində mədəndən birbaşa çəkilən qazı ceyran sobasında yandırırdıq, heç nə də olmurdu. İndi necə olur ki, bütöv ailələr qazdan zəhərlənib ölür? Düşünürəm ki, bu, qazın tərkibi ilə bağlıdır. Bu sahədə sovet dövründəki ciddi nəzarət indi yoxdur. Burada korrupsiya ehtimalları da böyükdür. Müstəqil nəzarət qurumu olmalıdır – şəbəkəyə verilən qazın tərkibi müntəzəm olaraq yoxlanmalıdır".
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən "Azəriqaz"ın baş direktorunun müavini Ruslan Əliyev deyib ki, ölkə rəhbərinin toxunduğu bütün məsələlər diqqətlə araşdırılacaq: "Ötən ilin dekabr ayının 1-nə kimi "Azəriqaz" 80 saylı qərara əsasən, birtərəfli qərar tətbiq edirdi. Qeyd etdiyim tarixdən etibarən həmin qərar qüvvədən düşüb.
Qərarın qüvvədən düşməsi ilə biz heç bir abonentə hüquq-mühafizə orqanının, məhkəmənin qərarı olmadan, dəymiş ziyanı tələb etmirik. Məhkəmə sayğaca müdaxilə edildiyini, dəymiş ziyanı təsdiqlədikdən sonra abonentə borcu barədə bildiriş verilir. Ümumilikdə "Azəriqaz" tərəfindən sayğaclara müdaxilə olunmur".
R.Əliyev qeyd edib ki, abonentlərə verilən təbii qazın keyfiyyətinin artırılması "Strateji yol xəritəsi"ndə də nəzərdə tutulub: "2020-ci ildən Azərbaycanda Böyük Qaz Emalı Zavodu tikiləcək. "Azəriqaz"ın tədbirlər planında da bu məsələ öz əksini tapıb. Ölkə rəhbəri tərəfindən qeyd olunan problemlər yaxın vaxtlarda həll olunacaq. İndiki halda əhaliyə verilən təbii qaz "QOST"a uyğundur. Sadəcə, bəzi mədən qazlarının qarışması zamanı keyfiyyət aşağı düşə bilir. Amma dediyim kimi, zavod fəaliyyətə başladıqdan sonra əhaliyə verilən qaz tam keyfiyyətli olacaq".
Ä°lham Åaban ile ilgili görsel sonucu
Neft sahəsi üzrə ekspert İlham Şabanın "Yeni Müsavat"a bildirdiyinə görə, Azərbaycanda istehlakçılara paylanan qazın emalı aşağı səviyyədədir: "Metan qazı bütün yanma boyu mavi rəngdə olmalıdır. Bunun üçün hasil olunan qaz emal zavodunda bütün fraksiyalardan təmizlənməlidir. Bu fraksiyaların özü qiymətli xammaldır, kimya sənayesinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Rəsmi statistikaya baxsaq, görərik ki, Azərbaycanda istehlak olunan qazın cəmi 20 faizə qədəri emal olunur. Çünki emal zavodunun imkanları bundan artığına çatmır. 1959-cu ildə tikilmiş zavoddur, istismar müddətini çoxdan başa vurub. Belə zavodların ömrü maksimum 40 ildir, modernizasiya ilə 50 ilə çatdırmaq olar. Böyük Britaniyanın "Con Braun" şirkətinin 19 il əvvəl – 2000-ci ildə verdiyi rəyə əsasən bu zavodun modernizasiya imkanları mövcud deyil".
Ekspert bildirir ki, qaz emalı zavodunun vəziyyətini nəzərə alaraq hökumət yeni zavodun tikintisinə vaxtında başlamalı idi: "Bu işə 10 il əvvəl başlamaq lazım idi. Bizimkilər isə hələ gələn il başlamağı nəzərdə tuturlar. Halbuki yeni qaz emalı zavodunun inşası həm istehlakçıların təhlükəsizliyi baxımından, həm ekoloji baxımdan, həm də iqtisadi baxımdan son dərəcə vacib məsələdir. Emal nəticəsində qazdan əldə olunan maddələr kimya sənayesini qiymətli xammalla təchiz edərdi".
Prezidentin müşavirədəki çıxışından anlaşılır ki, Əkbər Hacıyevin fəaliyyəti ilə bağlı ölkə başçısına dosye verilib. Görünür, həmin dosyedə "Azəriqaz" rəhbərinin qanunsuzluqları faktlarla göstərilib. Və dosye o qədər çirkli olub ki, Əkbər Hacıyevin əhaliyə verdiyi çirkli qaz bunun yanında "toya getməli"di. Əgər doğrudan da belədirsə, Əkbər Hacıyevin vəzifədə çox qalacağı inandırıcı deyil. Prezidentin müşavirədəki tövründən də bunu müşahidə etmək mümkün idi.
Xatırladaq ki, prezident müşavirədə yarıtmaz fəaliyyətlərinə görə tənqid etdiyi məmurları vəzifədə çox saxlamır. Yaxın keçmişdə bunun xeyli nümunələri var.шаблоны для dle 11.2



Ən çox oxunanlar